CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beyləqanda və Şəmkirdə silahlı şəxs tutulub

Hər iki faktla bağlı Beyləqan və Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib
Sputnik
BAKI, 13 aprel — Sputnik. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Şəmsi Əbilov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı "Makarov" tapançası, həmin silaha aid 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində odlu silahı 600 manata satmaq istəyən Bakı şəhər sakini Emil Dadaşov saxlanılıb. Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 5 ədəd həmin tüfəngə məxsus patron və narkotik maddə olan "metamfetamin" aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs silahın vəfat etmiş babasından qalmasını, uzun müddət Lənkəran rayonundakı qəbiristanlıqda babasının məzarında gizlətdiyini və Şəmkir rayonuna satmaq məqsədi ilə gətirdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.