AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ayxan Hacızadə: "Nikol Paşinyanın iddiaları tamamilə əsassız və qəbuledilməzdir"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi iddiaları şərh edib.
Sputnik
BAKI, 13 aprel — Sputnik. "Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də hökumət iclasında çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassızdır və qəbuledilməzdir".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi iddiaları şərh edərkən bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir: "Nikol Paşinyana xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri işğal edilib. Bununla yanaşı, Ermənistanın üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrini çıxarmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsi və bu ərazilərdən qüvvələrini geri çəkməməsi Praqa və Soçi razılıqlarının ciddi şəkildə pozulmasının və Ermənistanın sülh prosesində maraqlı olmamasının bariz nümunəsidir".
A.Hacızadə deyib ki, Ermənistanın Azərbaycanda həyata keçirdiyi təxribatlara və qeyri-qanuni fəaliyyətlərə son qoymaq məqsədilə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çəkinmir: "Qeyd edək ki, Azərbaycan hökumətinin Laçın yolunda baş verən etirazların təşkilatçısı olduğu iddiası məhkəmə tərəfindən rədd edilib, “yolun bağlandığı” və “ərazinin blokadada” saxlandığı barədə iddiaların heç bir əsası yoxdur. Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik".