BAKI, 12 aprel — Sputnik. Ötən gün başlayan "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumu bu gün də davam ediи. Forumda çıxış edən Gənc Tamaşaçılar Teatrının (GTT) direktoru Naidə İsmayılzadə "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda çıxışında bölgə teatrlarının vəziyyətindən söz açıb.
Teatrın direktoru bildirib ki, bölgə teatrlarını xilas etmək lazımdır. Onun sözlərinə görə, hər il nə qədər aktyor universiteti bitirir:
"Hamı şəhərdə çalışmaq istəyir. Bu, mümkün deyil. Bölgələrdə çalışmaqdan çəkinmək lazım deyil. Əksər sənətkarlarımız əvvəllər bölgə teatrlarında işləyib. Həmçinin bölgə teatrlarının maaşları barədə düşünmək və baxmaq lazımdır".
Direktor bildirib ki, teatrların inkişafı üçün hüquqi baza lazımdır:
"Bəzən söz soruşmaq üçün adam tapa bilmirik. Teatrın içinə girəndə onun zəhmət tələb edən iş olduğunu görmək mümkündür. Əvvəllər "Teatr haqqında" qanunda sponsorluq edən fiziki şəxslərin vergidən azad edilməsi bəndi vardı, sonradan çıxarıldı. Bizə də, "vaxtı gələndə müraciət edərsiniz", deyildi. Məncə, artıq vaxtıdır".
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə keçirilən "Azərbaycan teatrı–150: inkişaf perspektivləri" mövzusunda Teatr Forumu davam edir. Forum ikinci günündə "Konsepsiya və strateji hədəflər" adlı üçüncü panel müzakirələrlə başlayıb.
Moderatoru Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirova olan paneldə "Milli teatrın inkişaf strategiyası", "Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması", " Marketinq və reklam strategiyası", "Teatrların fəaliyyətində fandrayzinq alternativ maliyyə mənbələri və yeni maliyyələşdirmə mexanizmləri", "Prodüser institutunun milli teatr məkanında tətbiqi", "Çağdaş teatr prosesində müstəqil teatrların rolu" mövzuları müzakirə olunub.
Müzakirələrdə Azərbaycan Dövlət Pantomima Teatrının rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, "M teatr"ın rəhbəri Xalq artisti Vidadi Həsənov, "dOM" teatrının rəhbəri Tərlan Rəsulov, YUĞ Teatrının baş rejissoru Gümrah Ömər və "ƏSA" teatrının rəhbəri Nihad Qulamzadə iştirak ediblər.
Xatırladaq ki, iki gün davam edən Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər "Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.