BAKI, 12 aprel — Sputnik. Pentaqonun məxfi sənədlərinin internetdə sızması saxtadır və Moskvanı məqsədyönlü şəkildə çaşdırmağa yönəlmiş yalandır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, ABŞ-da sənədlərin sızması saxta, məqsədli şəkildə ortalığa atılmış ola bilər.
"Moskvanın Pentaqonun sənədlərinin sızması məsələsində mövqeyi yoxdur, lakin bunun Rusiyanı çaşdırmaq üçün ortalığa atılması da istisna edilmir", - deyə Rusiya XİN rəhbərinin müavini Moskvanın bu vəziyyətlə bağlı mövqeyini, eləcə də belə bir sızmanın nə ilə bağlı ola biləcəyi sualını şərh edərkən bildirib.
Ryabkov qeyd edib ki, Vaşinqton münaqişənin tərəfdarıdır və Moskvaya qarşı "hibrid müharibə aparır".
Onun sözlərinə görə, guya "bu cür üsullarla düşməni, yəni Rusiya Federasiyasını çaşdırmaq mümkündür".
"Mən heç nəyi əminliklə demirəm, sadəcə zənn edirəm ki, burada müxtəlif ssenarilər düşünülə bilər", - deyə siyasətçi əlavə edib.
Xatırladaq ki, ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı internetdə "gizli" sənədlər peyda olub. Bu sənədlərdə Vaşinqtonun Hind-Çin, Yaxın Şərqdəki fəaliyyəti, eləcə də Çinlə rəqabəti haqqında məlumatlar olub. Orada Qərb ölkələrinin Ukraynaya hərbi yardımı, ABŞ, Böyük Britaniya daxil olmaqla bir sıra NATO ölkələrinin xüsusi təyinatlı qüvvələrinin Ukraynada döyüşdüyünə dair məlumatlar da əksini tapıb.
"CNN" telekanalı ABŞ kəşfiyyat xidmət orqanlarının məxfi sənədlərindən birini qeyd edərək Pentaqonun Ukrayna Prezidenti Vladimir Zelenskini güddüyünü də bildirib.