BAKI, 12 aprel — Sputnik. Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
Xatırladaq ki, Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşımında deyilib.
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırıb. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub", - Prezident İlham Əliyev vurğulayıb.