CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hesablama Palatası 36,7 milyon manatlıq səmərəsiz xərclər aşkar edib

Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb. Hesablama Palatasının keçən il apardığı uyğunluq auditlərindən 14-də əməyin ödənişi sahəsində nöqsanlara rast gəlinib.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Hesablama Palatası tərəfindən başa çatdırılmış uyğunluq auditlərinin əhatə etdiyi 16 qurum üzrə 36,7 milyon manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib.
Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Qeyd edilib ki, 36,7 milyon manatın 1,3 milyon manatı audit dövrünün əvvəlində alınsa da, tətbiq edilməyən proqram təminatına, 8,3 milyon manatı avans ödənişləri aparılmış müqavilələrin dayandırılmasına, 2,7 milyon manatı COVID-19 və digər səbəblərdən keçirilməyən tədbirlərə xərclər, 12,0 milyon manatı bağlanılmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulmasına, 9,9 milyon manatı audit dövrünün əvvəlində alınsa da, istifadə edilməyən avadanlıq və ya mallara, 0,6 milyon manatı ehtiyac olmadan iş həcminin artırılmasına, 1,4 milyon manatı fəaliyyətsiz olan əsas vəsaitə çəkilən xərclərə, 0,5 milyon manatı isə digər səmərəsiz istifadə hallarına xərclənib.
10 milyon manata yaxın əsassız ödəmə aşkarlanıb
Bundan başqa, Hesablama Palatasının keçən il apardığı uyğunluq auditlərindən 14-də əməyin ödənişi sahəsində nöqsanlara rast gəlinib.
Başqa sözlə, artıq ştatların saxlanılmasına 2.1 milyon manat, davamiyyəti olmayanlara 4,2 milyon manat, vəzifəyə təyin edilən ali təhsili və ya müvafiq ixtisası olmayanlara əməkhaqqı qismində 0,5 milyon manat, nəzərdə tutulmadığı halda 0,5 milyon manat mükafat və maddi yardım, dövlət qulluqçusu olmayanlara 0,3 milyon manat əsassız ödəniş, məzuniyyət haqları və kompensasiyanın düzgün hesablanmaması nəticəsində 0,5 milyon manat, hesablanmış məbləğlərin şişirdilməsi və hesablanmış məbləğdən daha çox vəsaitin köçürülməsi nəticəsində 1,5 milyon manat, əməyin ödənişi ilə bağlı digər maliyyə pozuntuları nəticəsində 0,1 milyon manat, ümumilikdə 9,7 milyon manat əsassız vəsait ödənilib.