BAKI, 12 aprel — Sputnik. Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib. Tapılan 5 pulemyot, 5 avtomat, 1 qumbaraatan, 1 Faqot, 1 snayper tüfəngi, 1 əl qumbarası, 3968 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.