AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Dunay Bədirxanov deyib ki, Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Bakı Biznes Mərkəzində Beynəlxalq Astronavtika Konqresinə dair media brifinq keçirilir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Kosmonavtika Günündə təşkil olunan tədbirdə 2-6 oktyabr tarixlərində keçiriləcək konqresə dair hazırlıq, yeniliklər, media nümayəndələrinin konqresdə iştirakı və qeydiyyatı haqqında məlumat verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib ki, 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri növbəti Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bakı bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan Rio-de-Janeyro, Nyu Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib.
Bakı Biznes Mərkəzində Beynəlxalq Astronavtika Konqresinə dair media brifinq
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
O qeyd edib ki, ilk dəfə ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır: “O vaxt Azərbaycan Sovet İttifaqının tərkibində idi, indi isə ölkəmiz Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyini müstəqil dövlət kimi edəcək“.
Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. Konqresin ən yüksək səviyyədə keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığı və icra edilməsi üçün Nazirlər Kabineti tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıq verildiyi diqqətə çatdırılıb.
Bakı Biznes Mərkəzində Beynəlxalq Astronavtika Konqresinə dair media brifinq
Konqresin “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda paytaxtımızda keçirilməsi kosmik sahədən olan şirkət və təşkilatlarla daha sıx əlaqələrin qurulması, ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.
Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa ediləcək sərgi pavilyonunda müxtəlif ölkələrin kosmik qurumları və şirkətlərinin stendləri nümayiş olunacaq. Kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın “Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi”nin (NASA), “Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES), “Airbus”, “Boeing”, “Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı” (ISRO), “Yaponiyanın Aerokosmonavtika üzrə Tədqiqat Agentliyi” (JAXA) və sair qurumların 6000-dən çox nümayəndəsi Bakıda bir araya gələcək”.
Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra Soyuq Müharibə dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya, konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var.