MƏDƏNİYYƏT

Məcid Behbudovun 150 illiyi ilə bağlı xatirəsi anılacaq

Yubiley mərasimində xanəndənin ailəsinin təqdim etdiyi qrammofon valları əsasında repertuarına müraciət olunacaq və gənc xanəndələrin ifasında Məcid Behbudovun vaxtilə ifa etdiyi xalq mahnıları və muğamlar səslənəcək.
Sputnik
BAKI, 11 aprel — Sputnik. Bu il Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, dünyaşöhrətli müğənni Rəşid Behbudovun atası Məcid Behbudovun (1873-1945) anadan olmasının 150 illiyi tamam olur.
Bu münasibətlə mayın 2-də Beynəlxalq Muğam Mərkəzində xanəndənin yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Tədbirdə xanəndənin ailəsinin təqdim etdiyi qrammofon valları əsasında repertuarına müraciət olunacaq və gənc xanəndələrin ifasında Məcid Behbudovun vaxtilə ifa etdiyi xalq mahnıları və muğamlar səslənəcək.
Qeyd edək ki, Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də muğam-sənət beşiyimiz Şuşa şəhərində dünyaya göz açıb. Uşaqlıqdan məlahətli səsi ilə seçilən Məcid Behbudov gənc yaşlarından xanəndəliyə başlayıb.
O, ilk vaxtlar xüsusi məclislərdə, sonralar isə toy şənliklərində iştirak edib, professional xanəndə və opera müğənnisi kimi şöhrət qazanıb.
Dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaşöhrətli "Arşın mal alan" operettasının qəhrəmanı tacir Əsgərlə məhz Məcid Behbudovun obrazını yaradıb.
Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından kömək göstərib. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynayıb. Məcid Behbudov Üzeyir Hacıbəyovun opera və operettalarında, Məşədi Cəmil Əmirovun "Seyfəl-Mülk" operasında da çıxış edib.
Xanəndə 6 sentyabr 1945-ci ildə Qazaxda vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.