BAKI, 11 aprel - Sputnik. Milli Məclisdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyə baxılıb.
Parlamentin iclasında Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən danışıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
© Sputnik / Talekh Makhmudov
O, bildirib ki, ölkə Prezidentinin Sərəncamı ilə 2023-cü il Heydər Əliyev ili elan edilib. Ulu Öndərin xatirəsinə veriləcək ən dəyərli töhfələrdən biri də onun adına yubiley medalının təsis edilməsidir. Komitə sədri “Heydər Əliyevin 100 illiyi” yubiley medalının Azərbaycan medalları sırasında xüsusi yer tutacağını, Əsasnaməyə əsasən bu medalın ordenlərdən sonra sıralamada ilk olaraq taxıldığını deyib. Qeyd edib ki, Əsasnamənin 1-ci maddəsinə görə, yubiley medalı ilə təltif ediləcək şəxslərin dairəsi də digər medallarla müqayisədə genişdir.
Diqqətə çatdırılıb ki, Azərbaycan vətəndaşları və əcnəbilər, milli və xarici dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri bir sıra xidmətlərinə görə bu medalla təltif oluna bilərlər. Bu xidmətlərə Heydər Əliyev irsinin təbliği və tədqiqi, azərbaycançılıq ideyasının həyata keçirilməsi, sülhün və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlər kimi ülvi dəyərlər aiddir.
Əli Hüseynli qeyd edib ki, hələ sovet hakimiyyəti illərində məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan keçmiş İttifaqın ən inkişaf etmiş respublikalarından birinə çevrilmiş, o illərdə gələcək müstəqil dövlətin iqtisadi əsasları yaradılmış, milli dövlətçilik, azərbaycançılıq ideologiyası formalaşmışdır. O, deyib ki, 1990-cı ilin noyabrında müstəqilliyimizin hələ rəsmi bəyan olunmadığı bir dövrdə Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqillik uğrunda mübarizəsini davam etdirmiş və üçrəngli bayrağımızı qaldıraraq suverenliyimizin bərpasının ilk hüquqi təməlini qoymuşdur.
Bu baxımdan Əsasnamədə “Azərbaycanda dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunması” müddəası təqdirəlayiqdir. Həmçinin, dövlət müstəqilliyinin qorunub saxlanılması, sosial-mədəni, elmi inkişafda xidmətlərinə, ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə və digər xidmətlərinə görə şəxslər də bu medalla təltif ediləcək.
Yubiley medalının təsviri barədə danışan birinci vitse spiker medalda Heydər Əliyevin barelyefinin, müstəqilliyimizin atributlarının əks olunduğunu söyləyib. O, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalının təsis edilməsinin Ulu Öndərin əziz xatirəsinə ehtiramın bir nümunəsi olduğunu vurğulayıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.