İQTİSADİYYAT

Elektroenergetika ilə bağlı yeni qanun qəbul edildi - Nələr dəyişəcək?

Sənədə görə, azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesi üç mərhələdən ibarət olacaq.
Sputnik
BAKI, 11 aprel - Sputnik. Bu gün Milli Məclis"Elektroenergetika haqqında" yeni qanun layihəsi sonuncu oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.
Yeni qanun qüvvəyə mindiyi gündən "Elektroenergetika haqqında" 1998-ci il 3 aprel tarixli qanun ləğv ediləcək.
Azərbaycanın dünyanın, xüsusən də Avropanın enerji təhlükəsizliyində yüksələn rolundan bəhs edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov eyni zamanda, ölkəmizdə energetikanın inkişafının və ixrac potensialının artmasının bu sahədə yaranan münasibətlərin müasir tələblərə uyğun yenidən tənzimlənməsi zərurəti yaratdığını vurğulayıb.
Deputatlar sənədi energetika sistemində islahatların həyata keçirilməsində mühüm addım kimi dəyərləndiriblər. Bildirilib ki, layihə ölkədə elektroenergetika sahəsinin inkişafına, rəqabət mühitinin formalaşmasına, özəl investisiyaların qoyuluşuna münbit şəraitin yaradacaq, bu sahədə səmərəliliyin, məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına, istehlakçıların mənafelərinin qorunmasına xidmət edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, aprelin 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında energetika naziri Pərviz Şahbazov hazırda qlobal səviyyədə energetika sistemində transformasiya proseslərinin getdiyini, dünya ölkələrində enerji keçidi proseslərinin həyata keçirildiyini, müasir çağırışlara cavab verən inkişaf modellərinin tətbiq edildiyini deyib. Qeyd edib ki, bu amilləri nəzərə alaraq, Prezidentin imzaladığı fərman və sərəncamlarda ölkəmizin energetika sistemində islahatların növbəti mərhələsi ilə bağlı konkret vəzifələr irəli sürülüb.
Pərviz Şahbazov
Bildirilib ki, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətinin hüquqi və idarəçilik cəhətdən ayrılması, müstəqil təchizat subyektlərinin təşviqi, zəruri tənzimləyici mühitin formalaşdırılması ilə bazar prinsiplərinin tətbiqi nəzərdə tutulub. Burada məqsəd vətəndaşların, habelə iqtisadiyyatın əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsindən ibarətdir.
Nazir təqdim edilmiş yeni “Elektroenergetika haqqında” qanun layihəsinin bu sahədə islahatların növbəti mərhələsi üçün hüquqi mexanizm formalaşdıracağını söyləyib. Qeyd edib ki, layihə hazırlanarkən beynəlxalq təcrübə, ölkədə bazar iqtisadiyyatının mövcud inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri nəzərə alınıb. O, ölkə iqtisadiyyatının və əhalinin elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatı üçün bu sahədə hüquqi mexanizmin xüsusi əhəmiyyətindən danışıb.
Azərbaycanda elektrik enerjisi bazarı elementləri 3 mərhələli tətbiq olunacaq
Qeyd edək ki, sənədə görə, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesi üç mərhələdən ibarət olacaq.
Layihəyə əsasən, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üç mərhələdən ibarət olmaqla, aşağıdakı müddətlərdə həyata keçirilməsi nəzərdə tutulur:
birinci mərhələ bu Qanunun qüvvəyə mindiyi gündən 2025-ci il iyunun 30-dək davam edəcək;
ikinci mərhələ 2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək;
üçüncü mərhələ 2028-ci il iyulun 1-dən başlayacaq.
Hər bir mərhələdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Birinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;
Qanunda göstərilən müddətlər nəzərə alınmaqla elektroenergetika subyektləri tərəfindən "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazələrin alınması;
ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin İxtisaslaşmış bölməsi tərəfindən elektrik optimallaşdırılmasının tətbiqi; enerjisi istehsalının iqtisadi optimallaşmasının tətbiqi;
elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin maliyyə və funksional nöqteyi-nəzərindən ayrılması;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin topdan və pərakəndə satış qiymətlərinin (tariflərinin) (ikitərəfli müqavilələrlə satılan elektrik enerjisinin qiyməti istisna olmaqla), habelə ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətlərinin tənzimlənməsi;
ikinci mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbul edilməsi, eləcə də ikinci mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsi.
nəzərdə tutulmuş icazələr alınanadək elektroenergetika subyektlərinin fəaliyyəti onlar tərəfindən bu qanunun qüvvəyə mindiyi tarixədək verilmiş və qüvvədə olan icazələr əsasında həyata keçiriləcək.
İkinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazan qaydaları əsasında elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ikinci mərhələdə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi, üçüncü mərhələdə isə müstəqil bazar operatorunun yaradılması;
bazar operatoru tərəfindən bütün istehsalçılardan ("Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq, elektrik enerjisini zəmanətli alıcıya satan istehsalçılar istisna olmaqla) elektrik enerjisinin alınması;
bazar operatoru tərəfindən elektrik enerjisinin bütün təchizatçılara satılması;
elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;
elektrik şəbəkəsinə dair qaydalara və ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazarı qaydalarına uyğun olaraq, ötürücü və paylayıcı sistem operatorları tərəfindən elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyətlərinin həyata keçirilməsi;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunda nəzərdə tutulan qiymət və tariflərin tənzimlənməsi (elektrik enerjisinin ötürülməsi, paylanması, tarifləri, bazar operatorunun xidmətlərinin tarifləri, ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri, sərbəst olmayan istehlakçılara, habelə sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri);
üçüncü mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbulu, eləcə də üçüncü mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin təsdiq edilməsi.
Birinci və ikinci mərhələdə tənzimləyicinin bu qanunda nəzərdə tutulan səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu qanunda nəzərdə tutulan tənzimləmə haqqının məbləği və ödənilmə qaydası (elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru və paylayıcı sistem operatoru, habelə təchizatçılar tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödənilməlidir) birinci və ikinci mərhələ üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
İkinci mərhələdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə elektrik enerjisinin topdansatış bazarında balanslaşdırıcı bazarın və köməkçi xidmətlər bazarının ayrı-ayrı elementləri tətbiq edilə bilər.
Elektirk sayğacı, arxiv şəkli
Azərbaycanda elektrik enerjisi sahəsində balanslaşdırıcı bazar formalaşdırılacaq
Sənədə əsasən, balanslaşdırıcı elektrik enerjisi ötürücü sistem operatoru tərəfindən müəyyən edilmiş elektrik enerjisinin istehsal-istehlakının gündəlik qrafikinin icrası zamanı yaranan elektrik enerjisinin qeyri-balansının aradan qaldırılması üçün istifadə edilən elektrik enerjisidir.
Layihəyə əsasən, balanslaşdırma ötürücü sistem operatoru tərəfindən keyfiyyət göstəricilərinə (tezlik, güc və gərginlik həddi) uyğun elektrik enerjisinin istehsalı, saxlanması, idxalı, ixracı və istehlakı arasında davamlı balansı təmin edən hərəkət və proseslərdir.
Balanslaşdırma məsuliyyəti elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik enerjisi istehsalının, saxlanmasının, istehlakının və alqı-satqısının qəbul edilmiş qrafiklərə uyğun olaraq balanslaşdırılmasına dair öhdəlikləri, həmçinin onların ötürücü sistem operatoru qarşısında elektrik enerjisinin qeyri-balansının tənzimləməsindən irəli gələn maliyyə öhdəlikləri üçün məsuliyyəti, balanslaşdırıcı qrup elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında müqavilə əsasında yaradılan və həmin müqavilə ilə müəyyən edilmiş qaydada hər bir iştirakçısının balanslaşdırma məsuliyyəti daşıdığı qrupdur.
Balanslaşdırıcı bazar isə ötürücü sistem operatoru tərəfindən orqan (qurum) tərəfindən balanslaşdırma funksiyası, həmçinin elektrik enerjisinin qeyri-balansı ilə bağlı maliyyə məsələlərinin həlli zamani topdansatış bazarı subyektləri arasında yaranan münasibətlər sistemi, balanslaşdırma qaydaları balanslaşdırıcı bazarda və köməkçi xidmətlər bazarında elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında yaranan münasibətləri tənzimləyən qaydalardır.
Qeyd edək ki, hazırda qüvvədə olan "Elektroenergetika haqqında" haqqında qanun balanslaşdırıcı bazarla bağlı məsələləri tənzimləmir.
Azərbaycanda elektrik enerjisi bazarı yaradılır
Yeni qanunun 4-cü fəsli "Elektrik enerjisi bazarının təşkili və fəaliyyəti" adlanır. Qanun layihəsinin 21-ci maddəsinə əsasən, elektrik enerjisinin alqı-satqısı elektrik enerjisi bazarında həyata keçirilir.
Elektroenergetika subyektləri bu qanun və topdansatış bazarı qaydaları ilə müəyyən edilmiş hallarda və qaydada topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər.
Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər.
Elektrik enerjisi bazarının subyektləri aşağıdakılardır:
elektrik enerjisi istehsalçıları;
ötürücü sistem operatoru;
paylayıcı sistem operatoru;
qapalı paylayıcı şəbəkə operatoru;
bazar operatoru;
təchizatçı (topdan və pərakəndə satış üzrə);
istehlakçılar.
Elektrik enerjisi istehsalçıları və təchizatçıları elektrik enerjisinin idxalı və ya ixracına icazə alaraq Azərbaycan Respublikasının ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional elektrik enerjisi bazarlarında iştirak etmək hüququna malikdirlər.
Elektrik enerjisinin idxalı və ya ixracı topdansatış bazarı qaydaları ilə tənzimlənir.
Elektrik enerjisinin mərkəzləşdirilmiş bazarının fəaliyyətinin təşkili bazar operatoru tərəfindən həyata keçirilir.
23.2. Bazar operatorunun vəzifələri aşağıdakılardır:
23.2.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək;
23.2.2. elektrik enerjisinin spot ticarətini (qısamüddətli) təşkil etmək;
23.2.3. elektrik enerjisinin ortamüddətli (həftə, ay) və uzunmüddətli (rüb, il) dövrlər üçün mərkəzləşdirilmiş ticarətini təşkil etmək;
23.2.4. topdansatış bazarı subyektlərinin elektrik enerjisinin mərkəzləşdirilmiş bazarına girişini təmin etmək;
23.2.5. topdansatış bazarı subyektlərini qiymətlər (tariflər) haqqında, topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən olunan digər məlumatlarla təmin etmək;
23.2.6. bu Qanuna, elektrik şəbəkəsinə dair qaydalara, bazar qaydalarına və balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin ixtisaslaşmış bölməsi ilə qarşılıqlı əlaqədə elektrik enerjisinin topdansatış bazarını təşkil və idarə etmək;
23.2.7. topdansatış bazarı qaydaları və balanslaşdırma qaydalarına uyğun olaraq topdansatış bazarında elektrik enerjisi qiymətlərinin formalaşmasını təmin etmək;
23.2.8. topdansatış bazarı subyektlərinin bağladıqları elektrik enerjisinin alqı-satqı müqavilələri əsasında gündəlik tələb-təklif qrafiklərini qeydiyyata almaq, yoxlamaq və bu qrafiklərin vaxtlı-vaxtında ötürücü sistem operatoruna təqdim edilməsini təmin etmək;
23.2.9. balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırıcı bazarın işinin təşkili ilə bağlı, habelə həmin qaydalara və kommersiya uçotu qaydalarına uyğun olaraq topdansatış bazarı subyektlərinin tələb və təkliflərinin faktiki həcminin müəyyən edilməsi və elektrik enerjisinin topdansatış bazarının balansının tərtib edilməsi məqsədilə ötürücü sistem operatoru ilə əməkdaşlıq etmək;
23.2.10. topdansatış bazarı subyektləri arasında bu Qanunun 29-cu maddəsinə uyğun olaraq bağlanılan müqavilələrin və müqavilə öhdəliklərinin qeydiyyatını aparmaq və bazar əməliyyatlarının sxemini tərtib etmək;
23.2.11. topdansatış bazarının fəaliyyəti barədə məlumatları topdansatış bazarı qaydaları ilə müəyyən olunan qaydada dərc etmək;
23.2.12. öz fəaliyyəti və topdansatış bazarının fəaliyyəti barədə topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək.
Sənədə əsasən, bazar operatoru elektrik enerjisi bazarının subyektləri tərəfindən təqdim edilən kommersiya sirri hesab edilən sənədlərin və ya məlumatların məxfiliyini qoruyub saxlamalıdır.
Bazar operatoru elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı fəaliyyətləri ilə məşğul ola bilməz.
Hələlik işığın qiyməti Tarif Şurası tərəfindən tənzimlənəcək
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Elektroenergetika haqqında" qanun layihəsində sektorun liberallaşması və mərhələli şəkildə bu prosesin həyata keçirilməsi nəzərdə tutulur:
"Burada həm də istehsalın və satışın ayrılması əsas hədəflərdəndir. Qanun layihəsində də tariflərin tənzimlənməsi əsas istiqamət olaraq nəzərdə tutulub. Yəni mövcud qanunvericiliyə əsasən kommunal xidmətlərin qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Hələlik elektrik enerjisi daxil olmaqla bütün kommunal xidmətlər üzrə bu mexanizm qorunub saxlanılacaq, o cümlədən işığın da qiyməti Tarif Şurası tərəfindən tənzimlənəcək".
Vüqar Bayramov
İnkişaf etmiş ölkələrdə enerji sektorunda özəl investisiyanın payı 80 faizdir
O bildirib ki, yeni qanun layihəsində bu prosesin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur:

"Hədəf ondan ibarətdir ki, sektorun tam liberallaşması həyata keçirilsin. Çünki bu gün inkişaf etmiş ölkələrdə enerji sektorunda özəl investisiyanın payı 80 faiz, bəzi hallarda hətta 100 faizə qədər dəyişir. Amma Azərbaycanda bu rəqəm cəmi 2 faizdir. Ona görə də məqsəd həm də özəl investisiyanı cəlb etmək və özəl sektor tərəfindən enerji istehsalına nail olmaqdır. Bu, zaman istəyən bir prosesdir. Ona görə hələlik işığın və digər kommunal xidmətlərin qiymətinin bazar tərəfindən müəyyən edilməsi nəzərdə tutulmur. Yenə də qiymətlərin tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.