CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bosniya və Herseqovina təbii fəlakətlərlə mübarizədə Azərbaycanla əməkdaşlıq edəcək

Bosniya və Herseqovinanın təhlükəsizlik naziri bildirib ki, təhlükəsizlik məsələləri və fövqəladə hallarla mübarizə ölkə üçün prioritet məsələdir
Sputnik
BAKI, 11 aprel — Sputnik. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu gün qonaqlar, əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.
Daha sonra nazir Kəmaləddin Heydərov Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan nazir K.Heydərov, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızı azad etdiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə xatırladıb.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir, bu çərçivədə ölkələrimizin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirib.
Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə görülən işlər, habelə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən K.Heydərov iki ölkənin uyğun qurumları arasında müxtəlif sahələr, o cümlədən fəlakətlərdən mühafizə üzrə elmi və texniki bilik və təcrübələrin mübadiləsi, şəxsi heyətin təlim-tədrisi ilə bağlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Xüsusilə, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üzrə qısa müddətdə böyük təcrübə qazanmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Bosniya və Herseqovinanın aidiyyəti dövlət qurumları və tədris müəssisələri ilə geniş əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd edilib. Bu xüsusda, imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş"in əlaqələrin genişləndirilməsi üçün möhkəm baza yaradacağına əminlik ifadə olunub.
Səmimi görüşə görə təşəkkürünü bildirən Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç iki ölkə arasında uğurlu əməkdaşlıq münasibətlərinə toxunub. O, ölkəsinin müxtəlif fövqəladə hadisələrə həssas olduğunu diqqətə çatdıraraq, fövqəladə hallarla mübarizə sahəsində Bosniya və Herseqovinada görülən işlər barədə ətraflı məlumat verib. N.Neşiç bu istiqamətdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını dilə gətirib. Qonaq əmin olduğunu bildirib ki, imzalanan Saziş iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində, o cümlədən birgə təlimlərlə bağlı müxtəlif əməkdaşlıq formalarının reallaşdırılması üçün yeni imkanlar açacaq.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Yekunda "Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sazişi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç imzalayıblar.
Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.
Bunu Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç Bakıda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə görüşündə deyib ki, Azərbaycan ilə təbii fəlakətlərlə mübarizə üzrə sazişin imzalanması Bosniya və Herseqovina üçün çox vacib əhəmiyyətə malikdir. O əlavə edib ki, bu saziş ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni şərait yaradır.
Nazirin sözlərinə görə, Bosniya və Herseqovina təbii fəlakətlərin tez-tez baş verdiyi bölgədə yerləşir: "Demək olar ki, hər il ölkədə yanğınlar baş verir. Bu baxımdan, təhlükəsizlik məsələləri və fövqəladə hallarla mübarizə ölkə üçün prioritet məsələdir".
Nenad Nesiç qeyd edib ki, fövqəladə hallar baş verdikdə ölkələr bir-birinə kömək etməlidir.