BAKI, 11 aprel — Sputnik. Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda Teatr Forumu başlayıb.
Tədbir Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Forumda Azərbaycanın tanınmış teatr xadimləri, incəsənət nümayəndələri və xarici qonaqlar iştirak edirlər.
Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı bildirib ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülür və görülməkdədir.
O bildirib ki, bu tədbirlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi əməyi var:
"Teatr hər zaman yenilənməli, çağdaş dövrə uyğunlaşmalıdır. Bu forumun məqsədi teatr peşəkarları ilə birgə teatrın problemlərini və perspektivlərini müzakirə etməkdir. Həmçinin, aprelin 20-21-də Kino Forumu keçiriləcək. Bu çağırışları ilin sonunda Mədəniyyət Forumu adı altında yekunlaşdırmağı düşünürük".
Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində Azərbaycan teatrında ənənə və trendlər, milli teatrda müasir rejissor və aktyor sənəti, yenilənmə prosesində sistemli yanaşma və s. mövzular müzakirə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.