DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Türkiyə kosmik sahədə mühüm nəticələr əldə edə bilər - Türkiyə agentliyi

Türkiyə Kosmik Agentliyi və Roskosmos birgə layihələr üzərində işləməkdə davam edirlər.
Sputnik
BAKI, 10 aprel — Sputnik. Türkiyə Kosmik Agentliyi və Roskosmos birgə layihələr üzərində işləməyə davam edir və yaxın gələcəkdə mühüm nəticələr əldə edilə bilər.
Bunu Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım Kosmonavtika Gününün qeyd olunması ərəfəsində TASS-a müsahibəsində deyib.
"İki ölkə arasında kosmik sahədə geniş əməkdaşlığa zəmin yaradılıb. Türkiyə Kosmik Agentliyi və Roskosmos birgə layihələr üzərində işləməkdə davam edirlər. Çox güman ki, yaxın gələcəkdə mühüm nəticələr əldə ediləcək", - deyə agentliyin həmsöhbəti bu nəticələrin necə ola biləcəyini dəqiqləşdirmədən vurğulayıb.
2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kosmonavtların hazırlanması, həmçinin öz raketinin Aya göndərilməsini əhatə edən milli kosmik proqram elan edib. Ankara bu layihəyə təxminən 6 milyard dollar xərcləmək niyyətindədir. Bunun üçün qanunvericilik bazası 2016-cı ilin payızında hazırlanıb. Bu, müasir Türkiyə tarixində ən böyük və iddialı layihələrdən biridir. Ərdoğan 2022-ci ilin mayında bildirib ki, Ankara öz vətəndaşını Beynəlxalq Kosmik Stansiyaya göndərmək üçün hazırlıqlara başlayır.
2018-ci ilin sentyabrında Roskosmosun keçmiş baş direktoru Dmitri Roqozin Anadolu Agentliyinə verdiyi müsahibədə Türkiyənin Baykonur kosmodromundan istifadə etmək üçün Rusiya və Qazaxıstanın birgə layihəsinə qoşulmasının mümkünlüyünü bildirib. Roqozin həmçinin Rusiya Federasiyasının 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcəyi zaman Beynəlxalq Kosmik Stansiyaya uçuş üçün türk ekipajını hazırlamağa hazır olduğunu açıqlayıb.