BAKI, 10 aprel — Sputnik. Qara dəniz üzərində Britaniya təyyarəsinin az qala vurulma iddiası ilə bağlı insident haqqında məlumat yoxdur.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Mətbuat konfransı zamanı Peskovdan 2022-ci ilin payızında Rusiya pilotlarının Qara dəniz üzərində Britaniya kəşfiyyat təyyarəsini az qala vurub-vurmadığı soruşulub.
"Məndə belə məlumat yoxdur. Bu mövzu Müdafiə Nazirliyinə daha yaxındır. Onlarla əlaqə saxlamağı tövsiyə edirəm", - deyə Kremlin mətbuat katibi bildirib.
Bu yaxınlarda "The Washington Post" qəzeti yazıb ki, 2022-ci ilin payızında Rusiyanın Su-27 qırıcısı Qara dəniz üzərində Britaniyaya məxsus RC-135 "Rivet Joint" kəşfiyyat təyyarəsini az qala vurub.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də Rusiyanın Su-27 qırıcısının RC-135 yaxınlığında raket atdığı iddiasından sonra ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələrinin Qara dəniz üzərində patrul xidmətini dayandırdığını bildirib.