BAKI, 10 aprel - Sputnik. Aprelin 10-dan 18-dək Sankt-Peterburqun Aleksandrinski Teatrının əsas səhnəsində DANCE OPEN Beynəlxalq Balet Festivalının XXII mövsümü keçiriləcək. Şəhər meriyasının yaydığı məlumata görə, Sankt-Peterburqa Fransa, Macarıstan, Braziliya, Kuba, Argentina və Rusiyadan 10 dünya xoreoqrafiya brendini təmsil edən 250-dən çox artist gələcək.
Aprelin 10-da festival Lion Tie Break truppasının “The Lobby” breyk-dans komediyasının Rusiya premyerası ilə açılacaq.
Aprelin 12-də DANCE OPEN tamaşaçılara Permdən yeni premyerasını - "SEVAGIN/SAMODUROV/PIMONOV" tamaşasını təqdim edəcək.
Aprelin 14-də "Hərəkət" proqramında üç birpərdəli balet Braziliyanın aparıcı balet şirkətlərindən biri - San-Paulu Bələdiyyə Baleti tərəfindən təqdim olunacaq.
Aprelin 16-da Argentinanın “Malevo” truppası festivalın qastrol proqramını davam etdirəcək. Festivalın XXII mövsümünün zəngin təqvimi maarifləndirici proqramın 2 tədbiri ilə tamamlanacaq.
Aprelin 12-də Aleksandrinski Teatrının Çar foyesində xoreoqraf, San-Paulu Bələdiyyə Teatrının bədii rəhbəri Kassi Abransis (Braziliya), Perm Opera və Balet Teatrının balet truppasının rəhbəri Anton Pimonov, balet tənqidçisi Leyla Quçmazova və DANCE OPEN Beynəlxalq Balet Festivalının yaradıcı prodüseri Olqa Belenkis qlobal və yerli rəqs tendensiyaları haqqında fikirlərini bölüşəcəklər.
Aprelin 17-də Argentinanın “Malevo” kişi rəqs şirkətinin rəhbəri və yaradıcısı Matias Xayme tərəfindən ustad dərsi keçiriləcək.
DANCE OPEN qalası aprelin 18-də Aleksandrinski Teatrının əsas səhnəsində baş tutacaq.
Gecənin proqramında dünyanın əsas səhnələrinin xarici nümayəndələrinin, rus balet ulduzlarının çıxışları olacaq. Festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Sankt-Peterburqun Mədəniyyət Komitəsinin dəstəyi ilə keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.