BAKI, 10 aprel — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycana səfər edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat xidməti məlumat verib.
Bujar Osmani hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirmək üçün 10-13 aprel tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
O, parlament üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər tərəfdaşlarla da görüşlər keçirəcək.
Səfər çərçivəsində ATƏT, Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi.