QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda ayaqqabı istehsal ediləcək

"Sənaye parkında yeni rezident BAFCO İnvest MMC tərəfindən investisiya qoyulan müəssisədə 120 nəfər işlə təmin ediləcək.
Sputnik
BAKI, 10 aprel — Sputnik. Ağdam Sənaye Parkında ayaqqabı istehsalı müəssisəsi yaradılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
Nazirin sözlərinə görə, Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 15-ə çatıb.
"Sənaye parkında yeni rezident BAFCO İnvest MMC tərəfindən investisiya həcmi 10 mln. manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradılacaq və 120 nəfər işlə təmin ediləcək", - M.Cabbarov bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
Burada rezidentlər dövlət tərəfindən torpaq sahəsi, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla lazımi infrastrukturla təmin olunacaq. Aşağı kirayə haqqı, gəlir və əmlak vergisindən 10 il müddətinə, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiyaların gətirilməsi halında ƏDV və idxal rüsumlarının ödənilməsindən müvafiq olaraq 10 və 7 il müddətinə azad edilmə sənaye parklarının rezidentləri üçün əlavə stimul olacaq.