PAYTAXT XƏBƏRLƏRİ

Yeraltı keçiddə öz ifası ilə insanların könlünü açan xanım - VİDEO

İsti-soyuq bilmədən insanların könlünü açan Aygül Quliyeva hər gün onlarla dünya və Azərbaycan mahnınlarını ifa edir.
Sputnik
BAKI, 9 aprel — Sputnik. Aygül Quliyeva Asəf Zeynallı adına Bakı Musiqi Kollecində kamança sinifini bitirib. Hazırda Milli Konservatoriyanın 4-cü kurs tələbəsi olan Aygül qiyabi təhsil alır.
O, hər gün Nizami küçəsində yerşləşən yeraltı keçidlərin birində qədim musiqi alətimizdə müxtəlif mahnıları ifa edir. Şəhər sakinləri bir anlıq ayaq saxlayıb onun ifasına qulaq asır. Biz də kamança ifaçısı ilə həmsöhbət olmaq istədik.
Aygül deyir ki, ən böyük arzusu Heydər Əliyev adına sarayda konsert verməkdir:

"Mən Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayevin tələbəsiyəm. Sənətə çox böyük marağım var. Küçə incəsənəti ilə məşğul olmağımın başlıca məqsədi odur ki, insanlar yol keçə-keçə keyfiyyətli musiqi dinləsinlər. Çalışıram həmişə muğamlarımızı, xalq və bəstəkar mahnılarımızı ifa edim. Çətindir, amma bu işdən məmnunam".

Bu işdə Aygülə nə çox dəstək olan anası Bağdagül xanımdır. Söhbətimizi Bağdagül xanımla davam edirik.
Sənətçinin anasının sözlərinə görə, 6-7 aydır ki, Aygül həmin məkanda ifalar edir, anası da onun yanında dayanır:

"Onun bu sənətə sevgisi çox böyükdür. Yarım ildir ki, burada ifa edir. Çox xoş sözlər söyləyirlər. Xüsusən yaşlı insanlar ona uğur arzulayır. Mənim də ən böyük arzum onu böyük səhnədə görməkdir".

Azərbaycan küçə incəsənəti ilə məşğul olan kişilər çox olsa da, qadın sənətçilər demək olar ki, yoxdur. Aygül küçə incəsənti ilə məşul olmaq istəyini ailəsinə bildirəndə bu fikirə münasibət heç də birmənalı olmayıb. Ailəsi onu bu fikirdən daşındırmağa çalışıb:
"Elə insanlar var, elə bilirlər ki, biz maddi imkansızlığa görə buradayıq. Amma bu belə deyil. Aygülün atası da, qardaşı da ona həmişə həm mənəvi, həm də maddi yardım edib. Sadəcə, bu, onun sənətə olan sevgisidir. İlk dəfə qızım küçədə ifa etmək istədiyini deyəndə mənim kimi, atası və qardaşı da buna etiraz etdi. Əvvəllər burada dayananda utanırdım. Amma sonradan onunla razılaşdıq. Fikirləşdik ki, burada qəbahətli heç nə yoxdur".
Qazandığı gəlirə gəldikdə isə Bağdagül xanım bildirdi ki, qızının nə qədər qazandığı ilə heç vaxt maraqlanmayıblar:

"Ailəmizdə heç kim ondan nə qədər qazandığını soruşmayıb. Ona "bu gün nə qədər işlədin?", "nə qədər qazandın?" kimi sualları heç vaxt vermirik. Özü nə qədər istəsə, o qədər dayanırıq. Aygül musiqi ifa edəndə məkanı və zamanı unudur. Bir də baxırıq ki, saatlar keçib, amma o yorulmayıb".

Aygülün ifasını xoş qarşılayanlar olsa da təəssüf ki, onun bu addımına görə qınayanlar da olur:
"Bəzən yaşlı insanlar gəlirlər, elə bilirlər ki, sahibsizdir, atası yoxdur. Bəzən mahnı sifariş edənlər də olur. Baxırsan ki, hansısa müğənninin mahnısını kamançada ifa etməyi əmr edirlər. Bu yaxınlarda yaşlı bir kişi üstünə qışqırdı ki, filan mahnını çal. Aygül də deyir ki, mən o mahnını bilmirəm, öyrənib ifa edərəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.