CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyahət sığortası nədir?

Turizm üzrə ekspert Ruslan Quliyev bildirir ki, əsas problemlərdən biri səyahət sığortası ilə bağlı məlumatlaırn tam çatdırılmamasıdır.
Sputnik
BAKI, 9 aprel — Sputnik. Qloballaşan dünyada mümkün risklərin aradan qaldırılması və ya minimuma endirilməsi üçün zəruri alətlərdən biri də səyahət sığortasıdır. Səyahət sığortasının mahiyyəti nədən ibarətdir?
Sığorta üzrə ekspert İlkin İbrahnimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, səyahət sığortasının əsas mahiyyəti səyahət edən zaman gözlənilməz, qəfil baş verə biləcək bədbəxt hadisələrlə bağlı riskərin aradan qaldırılmasıdır:
"Hətta ölüm hadisəsi baş verirsə, bu zaman sığorta şirkəti meyitin daşınması xərclərinə görə də kompensasiya verir. Sığorta kompensasiyasının daha çox olması, daha çox riskin təminat altına alınması üçün vətəndaş sığorta haqqını daha çox verməlidir", - deyə o bildirib.
Antalyada kurort, arxiv şəkli
Lakin mütəxəssis vurğulayıb ki, səyahət sığortası təsadüfi şəkildə baş verən bədbəxt hadisələrə aiddir.

"Yəni, bir şəxsin əvvəldən bildiyi hansısa xəstəliyi varsa, düşünməsin ki, xarici ölkəyə gedəcək və sığorta şirkəti də müəyyən riskləri qarşılayacaq".

Ekspert onu da bildirir ki, hansısa ölkəyə səfər edərkən səyahət sığortasının tənzimlənməsi üçün şəxsin üzərində ilk növbədə sığorta şəhadətnaməsi və sığorta müqaviləsi olmalıdır:
"Həmin sığorta şəhadətnaməsinin arxasında hansı ölkəyə səfər etmisinizsə, o ölkədə olan sığorta nümayəndəsi, yaxud da sığorta şirkətinin əlaqə nömrəsi olmalıdır. Gözlənilməz bəxbəxt hadisə baş verərkən həmin nömrələrlə əlaqə saxlamaq lazımdır".
Mütəxəssisin sözlərinə görə, sığorta müqaviləsində "şərtsiz azadolma" deyilən bir hissə var. Müqavilədə "şərtsiz azadolma" məbləği nəzərdə tutulubsa o, hər sığorta hadisəsi üzrə xərclər ödənildikdə tətbiq olunur. Məsələn, 50 avro verib sığorta şahdətnaməsi almısınızsa, bu zaman birinci hadisə baş verəndə qeyd edilir ki, 150 avroluq "şərtsiz azadolunma" hissəsini vətəndaş ödədikdən sonra geridə qalan vəsaiti sığorta şirkəti qarşılayacaq.
"Şəxs həmin məbləği ödəməlidir ki qalan məbləği də sığorta şirkəti qarşılasın", - deyə həmsöhbətimiz əlavə edib.
Turizm üzrə ekspert Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qloballaşan dünyada insan həyatı üçün pandemiya, ölüm, zəhərlənmə, günvurma və s. kimi müəyyən risklər var.
R.Quliyev deyir ki, əsas risk qrupuna yaşı 65-dən yuxarı olan insanlar daxildir:

"İlk olaraq ictimaiyyət arasında bunu təbliğ etmək lazımdır ki, səyahət sığortası nə üçün lazımdır. Çox adam düşünür ki, bu, əlavə xərcdir. Səyahət sığortası səyahətçinin yol yoldaşı olmalıdır. Xarici ölkə vətəndaşları səyahətə getməzdən öncə maraqlanırlar ki, necə və harada sığortalanacaqlar. Yaxud da həmin turizm şirkəti hansı etibarlı sığorta şirkəti ilə çalışır".

Mütəxəssis bildirir ki, turizm şirkətləri səyahət sığortasını mütləq şəkildə tur-paketin içinə daxil etməli və vətəndaşları düzgün formada maarifləndirməlidir:
"Vətəndaşın getdiyi ölkədə heç bir yerdə sığorta şirkətinin nümayəndəliyi yoxsa, məlumat verildikdən sonra, şəxisn həkimə müraciəti, dərmanların və s. alınması məsəlsəi qaimə şəklində turizm və eyni zamanda da sığorta şirkətinə təqdim olunduqdan sonra vətəndaşın çəkdiyi xərclər, ödənişlər geri qaytarılır".
Ekspert bildirir ki, daxili turizm zamanı da səyahət sığortasının tətbiqi vacibdir:
"Düşünürəm ki, turizm haqqında qanunvericilikdə və dövlət turizm resysində də səyahət sığortası vacib amil kimi qabardılmalı və bunun tətbiqinə başlanılmalıdır".
R.Quliyevin sözlərinə görə, əsas problemlərdən biri səyahət sığortası ilə bağlı məlumatların əhaliyə tam çatdırılmamasıdır.
O bildirir ki, sığorta şirkəti seçərkən düzgün seçim edilməli və uzunmüddətli strateji əməkdaşlığa üstünlük verilməlidir.
Tibbi sığorta, arxiv şəkli
Xatırladaq ki, qanunvericiliyə görə, səyahət sığortası varsa, bu zaman müxtəlif təminatlar sığorta şirkətləri tərəfindən qarşılanır. Sığorta təminatları əsasən bunlardır:
Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası;
Fərdi qəza sığortası;
Xaricə səfər zamanı baqajin sığortası;
Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası;
Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası;
Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası.
Qeyd edək ki, bəzi Avropa ölkələri və ABŞ ölkəyə səyahət üçün gələnlərin səyahət sığortasının olub-olmaması ilə maraqlanır. Səyahət sığortası olmazsa, viza alınması prosesində çoxlu problemlər meydana çıxır. Bəzi ölkələrdə səyahət sığortası könüllülük əsasında, bəzilərində isə məcburi qaydada həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.