BAKI, 9 aprel - Sputnik. Qərb dövlətləri tərəfindən Kiyevə verilən tanklarla mübarizə üçün Rusiya Federasiyasında müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun göstərişi ilə xüsusi qruplar yaradılıb. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzinin rəhbəri Yevgeni Arifulin məlumat verib.
“Bu qrupların yaradılması ilə bağlı konkret tapşırıq qoyulub. Təlimatlara əsasən, RF Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin rəisi general-polkovnik İvan Buvaltsev və onun komandası metodiki tövsiyələr hazırlayıb və həyata keçirilməsi üçün metodologiya tərtib edib", - deyə Arifulin bildirib.
Aprelin əvvəlində NATO-nun baş katibi Yens Stoltenberq Alyansa daxil olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında Şimali Atlantika Alyansının üzvlərinin Ukraynaya sursat və hərbi ləvazimatlar tədarükünü artırdığını bildirib. Onun sözlərinə görə, ilk Leopard və Challenger 2 tankları artıq Ukraynadadır.
Stoltenberq qeyd edib ki, NATO ölkələri Ukraynaya təxminən 150 milyard avro, o cümlədən 65 milyard avro hərbi dəstək verib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.