BAKI, 9 aprel — Sputnik. Bakının qədim məhəllələrindən olan "Kubinka" da evlərin söküləcəyi gözlənilir. "Sovetski", "Alatava" dan sonra köhnə Bakının nişanələrindən olan "Kubinka"nın da sökülməsi bu məhəllədə yaşayan sakinlərin heç də hamısını sevindirməyib. İllərdir "Kubinka"da yaşayan Şəhla Nəbiyeva "Kubinka"nın sökülməsi barədə xəbərləri eşidəndə kövrəldiyini söyləyir:
Filmlərdə gördüyümüz bazarlar, məhəllələr tarixə qovuşur
""Kubinka" köhnə Bakıdan, bakılılardan qalan nişanədir. Cavanlığımız bu məhəllədə keçib. Evlərimiz köhnə, ucuq, şəraitsiz olsa da, biz bu məhəlləyə öyrəşmişik. Bu xəbəri eşidəndən birtəhərəm. "Kubinka"nı sökməklə bütün xatirələrimizi də kürüyüb aparacaqlar. Artıq arxa məhəllələrdə söküntüyə başlanılıb. Qonşularımız köçüb gedirlər. "Kubinka" camaatı hərəsi bir yerə köçür. Çünki, evlərə görə verilən konpensasiya ilə elə "Kubinka"nın yerində ev almaq mümkün deyil"...
Sputnik Azərbaycan "Kubinka"dan reportaj hazırlayarkən Bakının bu qədim məhəlləsində yaşayan insanların bəziləri artıq köç üstündə olduqlarını, əksəriyyəti isə hələ buradan köçüb-köçməməklə bağlı qəti qərar vermədiklərini söyləyiblər.
Kubinkada vəziyyət
© Sputnik / Zullfiye Guluyeva
"Gözləyirik ki, bizə normal məbləğ təklif olunacaq"
30 yaşlı Xanlar Hüseynov "Kubinka"da dünyaya göz açıb. Onun atası, babası "Kubinka"nın məhşur kababçılarından olub. Xanlar Hüseynov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, ata-baba yurdunu tərk etmək ona çətin olsa da, bu məhəllədə qalacağına da inanmır: "Burada yaşayan insanların evlərinin sahəsi çox kiçikdir. Elə insan var ki, 25-26 kvadratlıq mənzildə qalır. Bu qədər sahəsi olan mənzillərə çox az kompensasiya düşür. O pula bizim bu zonadan ev ala biləcəyimiz inandırıcı görsənmir. Ona görə də düşünürük ki, köhnə bakılıların kompakt yaşadığı kəndlərdən birinə, Məhəmmədiyə köçək".
Kubinkada vəziyyət
© Sputnik / Zullfiye Guluyeva
Həmsöhbətimiz bildirib ki, hələki evlərin sahəsinə görə nə qədər kompensasiya veriləcəyini bilmirlər.
"Bizdən arxa tərəfdə bir kvadrata 1500 manat təklif etmişdilər. Bu pulla şəhərin mərkəzindən ev almaq mümkün deyil. Biz ilərdir dar, işıqsız, şəraitsiz mənzillərdə yaşayırıq. Gözləyirik ki, bizə normal məbləğ təklif olunacaq".
Avtoritetləri ilə məşhur olan məhəllə
X.Hüseynov "Kubinka"da əvvəlki adət-ənənələrin qalmadığından da şikayətlənir. Deyir ki, "Kubinka"nın adı gələndə əvvəllər hər kəsin canına vəlvələ düşürdü. Çünki bu məhəllənin yazılmamış qanunları olub. Avtoritetləri ilə məşhur olan "Kubinka"da qanunlardan əvvəl həmin şəxslərin sözü keçib:
"Bu məhəllədə hər kəs böyük-kiçik yeri bilirdi. Salam verməmiş heç kəs bir-birinin yanından keçməzdi. Məhəlləyə yad oğlan sözkəsdi olmamış ayaq basa bilməzdi. Mərdimazarlıq ən böyük qeyrətsizlik sayılırdı. Buranın camaatı Allahını tanıyan, dindar insanlardır. Amma artıq məhəllədə belə insanların sayı azalır. Çox adam şəraitsizliyə görə evini satıb köçüb. Biz isə hələki gözləyirik. Ümid edirik ki, bizə köçmək üçün normal məbləğ təklif olunar".
Bakının qədim ticarət mərkəzi
Köhnə məhəllənin sakini "Kubinka"nın tarixindən də danışdı. Bildirdi ki, sovet dövründə "Kubinka" Bakının ticarət mərkəzi olub. Mağazalarda tapılmayan malları "Kubinka"dan almaq mümkün olub. Azərbaycanın keçmiş kinolarının böyük əksəriyyətində bazar səhnələri "Kubinka"da çəkilib. "Şərikli Çörək" kinosu da bu məhəllədə çəkilib. "Kubinka" həm də məşhur kababxanaları ilə məşhur olub. Bakıya gələn müğənnilər, məşhurlar kabab yemək üçün "Kubinka"ya gələrmişlər. Ən dadlı balıqlar "Kubinka"da satılarmış. X. Hüseynovun sözlərinə görə, "Kubinka" məhəlləsində çox mehriban qonşuluq ənənələri olub.
İllərdir "Kubinka"da yaşayan Şəhla Nəbiyeva da şəraitsizlikdən gileylənsə də, söküləcək mənzillərə görə aşağı məbləğ təklif olunarsa, razılaşmayacağını söylədi. Bildirdi ki, illərdir övladları ilə nəmişlik qoxuyan evdə yaşayıb. Amma buradan köçməyib:
"Çünki, biz şəhərin mərkəzində yaşamağa öyrəşmişik. Kənarda yaşamaq, öyrəşmək çox çətindir. Normal məbləğ, yaxud əvəzində ev təklif etsələr, elə öz məhəlləmizdə qalarıq".
Kubinkada vəziyyət
© Sputnik / Zullfiye Guluyeva
"Evlərimizin içərisində siçovul yuva salıb"
"Kubinka"da dünyaya göz açan Əfruzə Ağayeva da uşaqlıq xatirələrinin bu məhəllə ilə bağlı olduğunu söyləyir. Deyir ki, buradakı dar həyətli evlərin, küçələrin hər qarışından uşaqlıq xatirəsi boylanır:
"Mən "Kubinka"da doğulub böyüdüyümdən, bura mənə doğmadır. Çox yaxşı olardı ki, evlərimizi söküb yerində tikilən müasir binalarda bizi evlə təmin edərdilər. Artıq burada yaşamaq çətindir. Evlərimizin içərisində siçovul yuva salıb. Mənzillərin divarları nəmişlikdən uçub-dağılır. Biz illərdir bu şəraitsiz evlərdə yaşayırıq. Ona görə də bu məhəlləni sökəndə insanların illərdir çəkdikləri əziyyətini nəzərə almalıdırlar. Burada həyətlərin çoxu ümumidir. Bəzi insanların evlərinin sənədi yoxdur. Amma bu heç də həmin insanların burda yaşamadığına dəlalət etmir. Kompensasiya verilərkən bu məqamları nəzərə alınmalıdır. Burada doğulan, qeydiyyatda olan, illərdir elektrik, qaz, su pulu ödəyən insanlara elə kompensasiya verilməlidir ki, bu ərazidən özlərinə ev ala bilsinlər".
"Kubinka" sakinləri bildirdilər ki, mənzillərə hər kvadrat metrə görə 1500 manatdan kompensasiya veriləcəyi barədə söz-söhbətlər olsa da, buna razı deyilər. Onlar az sahəsi olan mənzillərə kompensasiyanın yuxarı məbləğdən hesablanmalı olduğunu söyləyirlər. Deyirlər ki, "Kubinka" Bakının keçmişidir, kubinkalılar isə bu keçmişin yadigarları. Onlar hökumətin öz tarixinə, bu tarixi yaşadan insanlara hörmətlə yanaşacağına inandıqlarını söylədilər. Sakinlər bildirdilər ki, hələki onların qapısını döyüb kompensasiya təklif edən olmayıb.
O, ki qaldı sökülməsi nəzərdə tutulan "Kubinka"nın yerində nəyin tikiləcəyinə, sakinlərin dediklərinə görə, məşhur "Təzə Bazar" ın arxasında yerləşən "Kubinka"da böyük ticarət mərkəzinin inşa ediləcəyini deyənlər də var, park salınacağını söyləyənlər də. Sökülmüş "Təzə Bazar"ın isə hələ 2024-cü ildə tikilib başa çatdırılacağını söylədilər.
Kubinkada vəziyyət
© Sputnik / Zullfiye Guluyeva
Sakinlərlə tikinti şirkətləri razılaşmalıdır!
Nəsimi rayon İcra Hakimiyyətinin rəsmisi Ələsgər Rüstəmov isə bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, hazırda "Kubinka"da pilot layihə çərçivəsində hissə-hissə söküntü işləri aparılır, artıq 4 iri layihə icra olunaraq yekunlaşmaq üzrədir. Sökülən evlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır. Onun sözlərinə görə, kompensasiya istəyən şəxslərə yerində ödəniş edilir, mənzil istəyən sakinlərə isə 20 kvadrat metr əlavə sahəsi olan mənzil təklif olunur:
"Kubinka"nın digər hissələri ilə bağlı iki şirkət tərəfindən müraciət olunub. Hazırda həmin şirkətlərlə adiyyəti qurumlar arasında layihələndirmə işləri aparılır. Kimlərin ki, evlərinin sahəsi 20 kvadrata yaxındır, onlara da güzəşt edilir. Yeni binalarda 20-25 kvadrat metr evlər olmadığı üçün həmin şəxslərə müəyyən güzəştlər təklif olunur. Bundan əlavə tikinti başa çatana qədər kirayə pulu da verilir".