BAKI, 9 aprel — Sputnik. Mərkəzi Bankın sığorta ilə bağlı aylıq statistikasına əsasən deyə bilərik ki, Azərbaycanda əhali daha çox həyat sığortası ilə bağlı müraciət edir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov deyib.
Onun fikrincə, həyat sığortasına marağın olmasının əsas səbəbi bir müddət sonra sığorta haqlarının müştərilərə geri qayıtmasıdır. Bu zaman işəgötürən, sığorta şirkəti və sığorta olunan arasında üçtərəfli müqavilə bağlanır. Lakin etiraf edək ki, bu məsələnin prosedur hissəsi uzun olduğundan hər işəgötürən həyat sığortasına görə razılıq vermir.
Ekspert qeyd edir ki, Vergi Məcəlləsinə görə əməkhaqqının 50 faizədək hissəsi həyat sığortasına cəlb oluna bilər.
Sığortanın bu növünün əsas üstünlük və çatışmazlıqları nədir?
Ekspertin sözlərinə görə, könüllü həyat sığortasında yaşın deyil, əmək haqqının rolu var: “Nə qədər çox əmək haqqı alırsızsa, onun yalnız 50 faizini yönəldə bilirsiniz. Yəni burada da bir limit var. Əslində bu məhdudiyyət olmasa və hamı üçün əlçatan olsa daha yaxşı olardı”.
Digər məsələ ondan ibarətdir ki, şəxsin əmək müqaviləsi yoxdursa, bu zaman könüllü həyat sığortası etdirə bilməz.
"Sığorta şirkətləri isə əsasən əmək haqları yüksək olan hüquqi şəxslər - sahibkarlarla müqavilə bağlamaqda maraqlıdırlar, həmin müəssisədə çalışan işçiləri də sığorta eləsinlər”, - deyə o, əlavə edib.
Həyat sığortasının əsas üstünlüyü isə ondan ibarətdir ki, pensiya fonduna yığılan hissənin 3-5 ildən sonra üzərinə gələn faizdən gəlir əldə edə bilərsiniz.
“Həyat sığortası müqaviləsi bağlandıqdan sonra, yəni növbəti aydan artıq sığorta haqlarını geri almaq mümkündür. Yəni müqavilə bağlandıqdan sonra istənilən vaxtda müqaviləni pozub yığılan məbləği geri ala bilərsiniz. Burada zaman məhdudiyyəti nəzərdə tutulmayıb”, - İbrahimov deyib.
Onun sözlərinə görə, könüllü həyat sığortasından fərqli olaraq icbari həyat sığortası istehsalatda baş verən bədbəxt hadisələrlə bağlıdır:
"İş zamanı hansısa hərəkətlərin nəticəsi olaraq baş verən belə hadisələrə görə sığrta kompensasiyası verilir. Müqavilə əsasında işləyiriksə, bizim icbari həyat sığortamız olur. Bu sığorta növünə görə işçi heç bir halda ödəniş eləmir. Dövlət Əmək Müfəttişliyi isə buna nəzarət edir. Hansısa şirkət işçisini sığortalamadıqda o zaman böyük məbləğdə cərimə nəzərdə tutulur. Sığorta kompensasiyası 10 min manatdan 1 milyon manatadək ola bilər".
Həmsöhbətimiz bildirir ki, hazırda ölkədə həyat sığortası ilə məşğul olan beş şirkət olsa da, sığortanın bu növünə tələbat yüksəkdir: “Bundan başqa, qeyri-həyat sığortası ilə bağlı xidmət təklif edən 16 şirkət fəaliyyət göstərsə də, bu sahədə tələbatın aşağı olduğunu görürük".
Avtomobil sığortasına gəldikdə, ekspert qeyd edir ki, bu növ ölkədə çox məşhur olsa da, yığımlar azdır: “Azərbaycanda nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası çox məşhurdur. Lakin buna baxmayaraq, bu sığorta növü ilə bağlı yığımlar ümumi sığorta yığımlarının cəmi 10 faizini təşkil edir”.
Rəqəmlərə nəzər salaq:
AMB-nin məlumatına görə, 2022-ci ildə 970 min manatdan çox sığorta haqqı toplanıb, 433 min manatdan çox sığorta ödənişi edilib.
Həyat sığortasına gəldikdə isə, ötən il 425 min manat sığorta haqqı toplanıb, 245 min manata yaxın sığorta ödənişi vətəndaşlara ödənilib.