SƏHİYYƏ

Tibb müəssisələrində uzun növbələr: Pasientləri niyə bu qədər incidirlər?

Agentlikdən bildirilib ki, tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq həkim üçün günlük xəstə qəbulu həddi 15-35 pasiyent arasında dəyişir.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Xəstələrə səhv diaqnoz qoyulması adi hala çevrilib. Radioloq Aydın Əliyev mütəmadi olaraq öz sosial şəbəkə hesabında bununla bağlı məlumatlar paylaşır.
Həkim iddia edir ki, ona müraciət edən pasiyentlərindən birinə dövlət xəstəxanasında səhv diaqnoz qoyulub. Yıxılaraq zədə alan xəstəni dövlət xəstəxanalarından birində rentgen edərək ona əzik və qırığının olmadığını bildiriblər.
"Ağrısının dayanmadığını görən xəstə özəl klinikaya təkrar müayinə üçün müraciət edib. Onda XI döş fəqərə cisminin parçalanmış sınığı (burst fracture), arxa fraqmentin onurğa beyni kanalına doğru 9 mm yerdəyişməsi və sol XI qabırğa boynunun çəp, yerini dəyişən sınığı aşkar edilib. Xəstənin hazırki vəziyyətinə görə, arxa fraqmentin onurğa beyni kanalına doğru 9 mm yerdəyişməsi hər an onurğa beynini sıxıb iflic edə bilər. Əgər xəstə gəlib yenidən müayinə olunmasaydı, bu onun sağlamlığına ciddi təhlükə yaradacaqdı", - deyə radioloq bildirib.
A.Əliyev tez-tez oxşar hadisələrlə qarşılaşdığını söyləyir. Bildirir ki, tibb müəssisələrində həkim səhlənkarlığı pasiyentlərin xəstəliyinin ağırlaşmasına gətirib çıxardır, xəstəliyə vaxtında lazımi tibbi müdaxiləni təxirə salır.
İcbari tibbi sığortanın təşkilinə yenidən baxılmalıdır?
A.Əliyev iddia edir ki, pasiyentlər bu hallarla daha çox icbari tibbi sığorta sisteminin tətbiq edildiyi tibb müəssisələrində qarşılaşırlar. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində həkimlərin qəbulunda çoxsaylı növbələr yaranır: "Həkimlərə əməkhaqqı isə göstərdikləri tibbi xidmətin, eləcə də qəbul etdikləri xəstənin sayına uyğun ödənilir. Bu isə, göstərilən tibbi xidmətin keyfiyyətinə təsir göstərir".
Radioloq bildirir ki, növbədə xəstə çox olduqda, həkimi tələsdirirlər. Bəzən həkimlər daha çox xəstə qəbul etmək üçün keyfiyyətli tibbi müayinə aparmırlar.
A.Əliyev icbari tibbi sığorta xidmətinin təşkilinə yenidən baxılmalı olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, icbari tibbi sığorta xidmətində uzun növbələr yarandıqda səhhətində ciddi problem olan pasiyentlər gözləyə bilmir. Naəlac qalıb öz vəsaitləri hesabına özəl klinikalarda müayinə olunurlar.
"Həkimə müraciət etdim, 45 gün növbə gözləməli olduğumu dedilər"
İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət göstərən dövlət xəstəxanalarında uzun növbələrin yaranmasından pasiyentlər də şikayətlənir. Jurnalist Naibə Qurbanova Facebook sosial şəbəkə hesabında bildirib ki, ilk dəfə icbari tibbi sığorta xidmətindən yararlanmaq üçün həkimə gedib. 5 saylı Dövlət Xəstəxanasında ona qastroenteroloqun qəbuluna mayın 22-də növbə çatacağını, yəni, müraciət etdiyi vaxtdan 45 gün sonra gəlməli olduğunu bildiriblər. N.Qurbanovanın sözlərinə görə, bu, təkcə həkim növbəsinin müddətidir. Həkimin göndərişinə əsasən əlavə tibbi müayinələr (endoskopiya, USM, MRT) təyin olunarsa, onlara görə nə qədər növbə gözləyəcəyini bilmir.
Jurnalist qeyd edib ki, dövlət tibb müəssisələrində icbari tibbi sığorta ilə uzun növbələr olduğundan, xəstələr çarəsiz özəl tibb müəssisələrinə üz tuturlar.
Bir həkim gündə neçə xəstə qəbul edə bilər?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində pasiyentlərə tibbi xidmət növbəlilik əsasında göstərilir. Belə ki, tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq həkim üçün günlük hədd 15-35 pasiyent arasında dəyişir. Bu həddin müəyyən olunması zamanı beynəlxalq təcrübə nəzərə alınıb. Həkim gün ərzində işlədiyi müddətdə orta hesabla hər xəstəyə ən azı 10-15 dəqiqə vaxt ayrılır. Müayinə zamanı xəstənin şikayəti dinlənilir, ona dəqiqləşdirici suallar verilir, ehtiyac olduqda fiziki müayinə aparıla, resept yazıla və əlavə müayinələr təyin edilə bilər. Bəzi hallarda həkim əvvəlki müayinələrin nəticələri ilə tanış olur, təkrar gəlişlərdə onları sonuncu müayinə nəticələri ilə müqayisə edir.
İcbari tibbi sığorta ilə işləyən həkimlər nə qədər maaş alır?
Agentlikdən o da bildirilib ki, səhiyyə işçilərinin əməkhaqları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiqlənmiş "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası" (Qayda) ilə müəyyən edilir.
Qaydaya əsasən həkimlərin əməkhaqqı tərkibi - əmək haqlarının tərkibi vəzifə (tarif) maaşından, həvəsləndirici əlavələr (sabit əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr), əmək şəraitinə görə ödənilən əlavələrdən və Əmək Məcəlləsində, normativ hüquqi aktlarda, habelə Agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir.
"Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə (2019-cu il) müqayisədə icbari tibbi sığortanın tətbiqindən sonra (2022-ci il) minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 3 dəfə artıb. Belə ki, 2019-cu ildə minimum vəzifə maaşı alan həkimin əməkhaqqı 406 manat olduğu halda, 2022-ci ildə bu rəqəm 1268 manat təşkil edib. Hazırda həkimlərin VTC üzrə əməkhaqqısı 538-584 AZN-dir. Rəhbər vəzifədə çalışan həkimlərin VTC maaşı isə 607-1125 AZN-dir. Bildiyiniz kimi, icbari tibbi sığorta tətbiq olunduqdan sonra tibb işçilərinin vəzifə maaşlarına sabit əlavələr də şamil olunur. Belə ki, Qaydaya edilən son dəyişikliyə əsasən bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələri 14-150% artırılıb. Artım Statistika və Aptek bölmələrinin rəhbərləri vəzifələrində çalışan həkimlərə, provizor vəzifəsi üzrə çalışan həkimlərə, həkim-statistik, həkim-metodist, tibbi şöbələrin (bölmələrin, kabinetlərin) müdirlərinə (həkim-stomatoloq istisna olmaqla) şamil olunub.
Habelə, "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"ya üzv təyin olunmuş həkim-mütəxəssislərin aylıq vəzifə (tarif) maaşına da 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr müəyyən edilib. Sabit əlavələrdən başqa, tibb müəssisələrində çalışan həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq işin nəticələrinə görə aylıq həvəsləndirici əlavərin ödənilməsi ilə əlaqədar tibbi xidmətlərin yuxarı kəmiyyət həddi müəyyənləşdirilir və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir. Qaydada edilən son dəyişikliyə əsasən aşağıda qeyd olunan ixtisaslardan olan həkimlər üçün ambulator fəaliyyət üzrə işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi artırılıb:
• Terapiya və pediatriya ixtisasları üzrə çalışan həkimlər üçün 25 nəfər sığortaolunandan 35 nəfərə;
• Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün 20 nəfərdən 30 nəfərə;
Eyni zamanda, ultrasəs müayinə üzrə çalışan həkim üçün işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi 25 nəfər sığortaolunandan 30 nəfərə çatdırılıb.
Tibbi işçilərinə işin nəticələrinə görə (həkim tərəfindən aparılan müayinə və müalicə) verilən həvəsləndirici əlavələr (bonus) icra edilən tibbi xidmətin tarifinə görə dəyişir. Bu icra edilən tibbi prosedurun mürəkkəbliyindən və tarifindən asılıdır. Bonusların məbləği ixtisas və ya vəzifədən asılı olaraq dəyişir. Qeyd edək ki, buraya ambulator və stasionar fəaliyyət üzrə çalışan həkimlər aid edilir. Həkimlərə qeyd olunan əlavələr (bonus) yuxarı kəmiyyət həddi nəzərə alınmaqla tətbiq edilən tarifin 5%-15% həcmində ödənilir.
Əmək şəraitinə görə ödənilən əlavələrə isə sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə, ixtisas dərəcəsinə görə əlavə, fasiləsiz əmək stajına görə əlavə, gecə vaxtı yerinə yetirilən işə görə əlavə, əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə və işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə və digərləri daxildir. Həkimlərin əməkhaqlarının hesablanması qaydasına diqqət yetirək:
Məsələn: 12-ci dərəcəli həkim oftalmoloqun aylıq vəzifə (tarif) maaşı 538 manat təşkil edir. Həkim oftalmoloqun vəzifə (tarif) maaşına 800 manat sabit əlavə tətbiq edilir. Bundan başqa həkim oftalmoloqa ambulator və ya stasionar fəaliyyət üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr ödənilir. 538+800=1338 manat + işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr (tutulmalar daxil).
Nümunədə qeyd edilən əlavələrdən başqa, həkimlərin vəzifə maaşına digər ödənişlər də şamil edilir.
Yekun olaraq onu qeyd edək ki, icbari tibbi sığorta sistemində çalışan həkim yalnız bonus deyil, fəaliyyətinə görə VTC maaşı, sabit əlavə və əmək şəraitinə görə verilən digər ödənişləri alır.
Əlavə olaraq qeyd etmək istərdik ki, Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliklərdə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin tarifinin artırılması də prioritet məsələlərdəndir. Belə ki, tibbi xidmətlərin tarifinin artırılması həkimlərə işin nəticəsinə görə ödənilən həvəsləndirici əlavələrin (bonus) də artmasına səbəb olacaq. Xidmətlər Zərfi təsdiqləndikdən sonra bu barədə məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq". deyə Agentlikdən sorğumuza verilən cavabda bildirilib
Dövlət xəstəxanalarında uzun növbələr azalacaq
Gələcəkdə həkimlərə icbari tibbi sığorta çərçivəsində düşən xəstə sayını azaltmaq üçün hansı işlərin görülməsinə gəlincə, qurumdan bildirilib ki, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması məqsədilə vətəndaşlar birbaşa olaraq qeydiyyat və yaşadıqları yerdən asılı olmayaraq istənilən dövlət tibb müəssisələrində ixtisaslı həkimə müraciət edirlər: "Yəni artıq yaşadıqları və qeydiyyatda olduqları yer üzrə poliklinikalarda fəaliyyət göstərən ailə həkimlərinə müraciət zərurəti aradan qaldırılıb. Bununla yanaşı, regionlardan paytaxtın dövlət tibb müəssisələrinə ixtisaslı həkim müayinəsinə birbaşa müraciət axını artıb. Bu səbəbdən planlı xidmət üçün tibb müəssisələrinə müraciət edənlərin sayı çoxalıb. Bu da hazırda bəzi tibb müəssisələrində müəyyən qədər növbələrin yaranmasına gətirib çıxarır.
Həmçinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər növbəsiz şəkildə qəbul olunur. Buraya həm ambulans xidməti, həm də dövlət tibb müəssisələrində fəaliyyət göstərən təcili tibbi yardım şöbələri daxildir. Hazırda növbələrin tənzimlənməsi məqsədilə "e-tabib" tətbiqi vasitəsilə randevu və onlayn qeydiyyat sisteminin tətbiqi istiqamətində işlər aparılır. Sistem aktivləşdirildikdən sonra tibb müəssisələrində növbələrin qarşısının alınması planlaşdırılıb.
Eyni zamanda qeyd edək ki, sığortaolunanlara tibbi xidmət gözləmə müddəti ərzində həyata keçirilir:
• İxtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
• İnstrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
• Koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.
Həkim səhlənkarlığı hansı hüquqi məsuliyyət yaradır?
Hüquqşunas Vüsalə Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunvericiliklə həkim səhlənkarlığı məsuliyyət yaradır. Amma bunun üçün gərək həkimin pasiyentə qarşı səhlənkarlıq etdiyi öz təsdiqini tapsın. Bu zaman həkimə hansı cəzanın veriləcəyinə gəlincə, hüquqşunas bildirib ki, bu həkimin qoyduğu diaqnozun yaratdığı nəticədən asılı olaraq dəyişir.
"Bu zaman həkimə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1 və 314.2-ci maddələrinin sanksiyaları tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 314.1-ci maddəsində göstərilən mühüm zərərin vurulmasına səbəb olan (böyük ictimai təhlükə tötəməyən cinayət kimi təsnif edilən) səhlənkarlıq "min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır". Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərə tutulub. Həmçinin bu halda Mülki Məcəllənin 1112 maddəsi də tətbiq edilə bilər. Bu maddəyə görə, Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlışdiaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir" deyə hüquqşunas bildirib.
Onun sözlərinə görə, əgər həkimin qoyduğu səhv diaqnoz insan sağlamlığına daha böyük təhlükə yaratmayıbsa, yəni xəstə buna görə səhv müalicə almayıbsa bu zaman həkimdən Səhiyyə Nazirliyinə, TƏBİB-ə şikayət oluna bilər.