AZƏRBAYCAN XƏBƏRLƏRİ

Təbiətin oyunu: Şahdağa qar yağıb

Təbiətsevərlər istirahət günlərində ölkənin milli parklarını ziyarət etməyə və baharın gözəlliyindən, təravətindən zövq almağa dəvət edilib.
Sputnik
BAKI, 8 aprel - Sputnik. Milli Hidrometeorologiya Xidmətinin aprelin 8-i saat 18:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Tovuz, Gəncə, Şəmkir, Ceyrançöl, İsmayıllı, Oğuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Xınalıq, Ləzə, Şirvan, Qax, Qrız, Yevlaxda arabir yağış, Şahdağda isə qar yağıb.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq bir qədər artıb.
"Avtomat hidroloji stansiyalardan əldə olunan məlumata əsasən, bu gün Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərə məntəqəsində suyun səviyyəsində 11 sm, Qudiyalçay-Qımıl, Vəlvələçay-Afurca və Qaraçay-Rük məntəqələrində 1 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay-Əsrikcırdaxan məntəqəsində 2 sm, Kür çayının Qıraqkəsəmən və Qabırrı çayının Kəsəmən məntəqələrində isə 1 sm artım müşahidə olunub".
A.Verdiyev qeyd edib ki, aprelin 8-i axşam saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, 9-u gün ərzində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
"Təbiətsevərləri istirahət günlərində ölkənin milli parklarını ziyarət etməyə və baharın gözəlliyindən, təravətindən zövq almağa dəvət edirik", - o, deyib.