BAKI, 8 aprel - Sputnik. "AKINCI" silahlı PUA-nın istismarı kursunu bitirən hərbçilərimizə sertifikatlar təqdim edilib.
Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində "Baykar" müdafiə sənayesi şirkəti tərəfindən təşkil edilmiş "AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Buraxılış mərasimində "Baykar" şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və kursun müəllim heyəti ilə bərabər, Türkiyə Respublikası "Baykar" müdafiə sənayesi şirkətinin texniki direktoru Selçuk Bayraktar, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.
S.Bayraktar "Baykar" şirkətinin texnologiya və innovasiya istiqamətində gördüyü son işlərdən danışıb və şirkətin milli imkanlar ilə istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarının döyüş meydanlarında həlledici rolunu diqqətə çatdırıb.
Baş konsul Nərminə Mustafayeva isə artıq bütün dünyada tanınan və dünyanın qabaqcıl ölkələrinin də maraq göstərdiyi "Bayraktar" silahlı pilotsuz uçuş aparatının 2-ci Qarabağ savaşındakı rolundan bəhs edib. Baş konsul "Baykar" müdafiə sənayesi şirkətinin istehsalı olan "AKINCI" silahlı pilotsuz uçuş aparatının istismarı kursunu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycanın müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən türkiyəli məzunlarla bərabər, Azərbaycan və Qırğızıstanı təmsil edən məzunlara sertifikatlar təqdim edilib.