TƏHSİL

Botanika İnstitutu öz fəaliyyətini davam etdirəcək - Nazirlik

Bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyətin olmadığını bildirib.
Sputnik
BAKI, 8 aprel - Sputnik. Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər.
Bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Facebook-da paylaşımında bildirib.
“Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir. Məsələ ilə bağlı əlavə məlumat veriləcək”, - o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyi bildirilib.
Herbari fondunun da əməkdaşları narahatdırlar ki, illərlə qurudulub saxlanılan herbari fondu məhv olacaq.