BAKI, 8 aprel — Sputnik. Ümumdünya Turizm Təşkilatının qiymətləndirməsinə əsasən, koronavirus (COVID-19) pandemiyasından sonra dünyada hər turistin orta xərci 50 %-ə yaxın artıb. Türkiyədə də təklif olunan turizm paketlərinin (gecələmə, qidalanma) qiymətlərində 30-50 % artım müşahidə edilir.
Bəs görəsən dünyada turizm qiymətlərinin bahalaşması Azərbaycanın turizm sektoruna necə təsir göstərəcək?
Tur paketlərin qiymətini aviabiletlər bahalaşdırır
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada pandemiyadan sonra turizmə təlabat artıb. Bu isə qiymətlərə təsirsiz ötüşməyib. Azərbaycanda turizm qiymətlərinə əsas təsir edən amil nəqliyyat xərcləridir. Onun sözlərinə görə, ölkəmizdə tur paketlərin qiymətlərini ən çox aviabiletlərin qiyməti bahalaşdırır:
"Hotellər qiymətləri o qədər də bahalaşdırmayıblar. Demək olar ki, hotellər böyük fərqlə qiymət artımına getməyiblər. Amma pandemiyadan sonra logistika qiymətləri kəskin artıb. Bu isə gəlmə və getmə turizm büdcəsini artırıb".
AZAL ölkəmiz turist axının qarşısını alır
Ekspert deyir ki, bu vəziyyət gəlmə və getmə turizm axınına problemlər yaradır. Onun sözlərinə görə, hava yollarında qiymət siyasətinə yenidən baxılmasına ciddi ehtiyac var.
"Hava yollarında qiymətləri aşağı salmaqla böyük sayda turist cəlb etmək olar. Aviaşirkətlər qazanclarını bir yox, on turistdən çıxartmaqla ölkədə gəlmə turizmin artımına səbəb ola bilərlər. Beləcə həm turizm inkişaf edər, həm də onların gəlirləri artar. Pandemiyadan sonra turistlər xarici səfərlərə çox üstünlük verirlər. Təyyarə biletlərinin baha olması Azərbaycana turist axının qarşısı alır", - deyə Göydəniz Qəhrəmanov bildirib.
Əlavə edib ki, yay mövsümü ərəfəsi tur paketlərin qiymətlərində dəyişiklik hiss oluna bilər. O, turizm mövsümünə qədər regionlarda azbüdcəli hotellərin sayının artırılmasının da vacib olduğunu söyləyib.
Yerüstü xidmətlər də xarici şirkətlərə ötürülməlidir
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, dünyada inflasiyanın sürətlə artması, neftin qiymətinin bahalaşması turizmin orta xərc artımına səbəb olub. O, deyib ki, bu sahə pandemiyadan sonra hələ də özünə gələ bilməyib.
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanda aviadaşımaların qiymətinin çox yüksək olmasının əsas səbəbi yerüstü xidmətlərin AZAL-ın əlində olması ilə bağlıdır. Onun sözlərinə görə, AZAL boş qalan hava limanlarını xarici aviaşirkətlərə icarəyə vermək istəmir:
"Yerütsü xidmətləri özəl şirkətlərə vermək lazımdır. Hava yollarında rəqabətsizik mühiti aviabiletlərin qiymətlərini artırır. Qonşu Gürcüstanda avia məkana 26 özəl şirkət fəaliyyət göstərir. Bu ölkədə hər 10 sərnişindən yalnız birini dövlət aprarır. Azərbaycanda isə əsas təmsçilçilik AZAL-ın törəmə şirkəti olan BUTA ya məxsusdur".
Hava limanı çox, fəaliyyəti yox!
İqtisadçı bildirib ki, Azərbaycanda eyni istiqamətlər üzrə uçuşlarda da rəqabət yoxdur. Natiq Cəfərli deyir ki, bu problemlər öz həllini tapsa, tur paketlərin də qiyməti ucuzlaşar.
Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda Gürsüstandan fərqli olaraq beynəlxalq status alan hava limanlarının sayı daha çoxdur. Bu baxımdan ölkəmizin aşağıbüdcəli şirkətləri əməkdaşlığa cəlb etmək imkanı böyükdür.
Ekspert həmçinin, Qəbələ kimi turizm bölgələrindəki hava limanlarının icarəyə verilməsinin ölkəmizə turist axınına səbəb ola biləcəyini söyləyib.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) birinci vitse-prezidenti Samir Rzayev "Azərtac" a müsahibəsində bildirib ki, hazırda aşağıbüdcəli aviaşirkət olan "WizzAir" ilə regional hava limanlarına uçuşların təşkil edilməsi ilə bağlı danışıqlar aparılır. Onun sözlərinə görə, təkcə xarici aviaşirkətlər hesabına deyil, "Azərbaycan Hava Yolları" QSC (AZAL) marşrut şəbəkəsini genişləndirir, gələcəkdə uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib. S. Rzayev bildirib ki, 2023-cü ildə bu rəqəmin 62-ə çatdırılması nəzərdə tutulur.
"Əsas kökləndiyimiz uçuş coğrafiyası şərti olaraq Avropa, Asiya və Yaxın Şərq istiqamətləridir" deyə AZAL rəsmisi bildirib.