İQTİSADİYYAT

Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xətləri tikiləcək - qazax nazir

Azərbaycan və Qazaxıstan Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xətlərinin birgə tikintisi layihəsini davam etdirmək barədə razılığa gəliblər.
Sputnik
BAKI, 7 aprel — Sputnik. Qazaxıstandan Azərbaycana 300 milyon dollardan artıq həcmdə qeyri-xammal məhsullarının tədarükü üzərində iş gedir.
Bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin hökumətlərarası komissiyanın Bakıda keçirilən iclasında bildirib.
Söhbət metallurgiya, neft kimyası, qida sənayesi, maşınqayırma, əczaçılıq məhsulları və tikinti materiallarından gedir.
Qazaxıstanda Azərbaycan kapitalının iştirakı ilə 2000-ə yaxın müəssisə və 210 birgə müəssisə fəaliyyət göstərir. Qazaxıstan iqtisadiyyatına Azərbaycan investisiyalarının həcmi 365 milyon dollardan çoxdur.
"Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində biz Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xətlərinin birgə tikintisi layihəsini davam etdirmək barədə razılığa gəldik", - Serik Jumanqarin deyib.
Görüşün yekununda Qazaxıstan və Azərbaycan arasında, həmçinin Qazaxıstanla Türkiyə və Avropa arasında Azərbaycan üzərindən multimodal dəmir yol daşımaları istiqamətində əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb.
Tərəflər, eyni zamanda, Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi işlərinin davamı haqqında razılığa gəliblər.