SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Spiker İran parlamentini Azərbaycana qarşı təxribatlara son qoymağa çağırdı

Spiker əlavə edib ki, bəzi ölkələrdə müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmir.
Sputnik
BAKI, 7 aprel - Sputnik. “İran Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, Azərbaycanın sərvətlərini vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyib. Hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycan dövlətinin İsraildə səfirlik açmasından narahatdır”.
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
“Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə necə münasibət qurması onun daxili işidir. Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kimin haqqı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik, İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa, ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”, - deyə S.Qafarova bildirib.
Spiker əlavə edib ki, bəzi ölkələrdə müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmir: “Onlar ölkəmizə böhtanlar atır, bölgədə münaqişəni yenidən alovlandırmağa, Ermənistan və Azərbaycan arasında sülh yaradılması səylərini pozmağa çalışır”.