SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"İranın maskası cırıldı": İİR parlamentinin anti-Azərbaycan bəyanatına MM-də sərt reaksiya

Deputatlar bildiriblər ki, İran Azərbaycana nəyi necə etməyi ilə bağlı göstəriş verməməlidir. Ölkəmiz müstəqildir, dünyanın istənilən ölkəsi ilə milli maraqlara uyğun əməkdaşlıq qurur, diplomatik münasibətləri inkişaf etdirir.
Sputnik
BAKI, 7 aprel - Sputnik. "Məkr, riyakarlıq və yalan. Bu 3 prinsip üzərində yaşayan dövlətin və cəmiyyətin uğuru olmur. İran adlanın məmləkətin siyasəti bu 3 tezis üzərində köklənib".
Bu fikirləri Milli Məclis sədrinin müavini Fəzail İbrahimli parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
"Bugünkü çıxışım İranın parlament üzvlərinin qəbul etdiyi bəyanatla bağlıdır. Bəyanata baxanda, şər, böhtan və riyakarlıq görünür. Niyə ölkəmizin İsraildə səfirliyinin açılması bu qədər narahatlıq törədir və İran parlamenti səviyyəsində təhqir, şantaj formalı bəyanat qəbul edilir? 30 il işğal dövründə İran susdu. Maska nə vaxt cırıldı? Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra. Sən öz parlamentində ədalətsiz, riyakar antiAzərbaycan addımı atacaqsan, belə hesab edəcəksən ki, bu düşüncə parlamentimizdə fikir ayrılığı yarada bilər? 44 günlük müharibə sübut etdi ki, xalqımız bütövdür, əyilməzdir", - deyə vitse-spiker əlavə edib.
Milli Məclisin iclasında deputat Azər Badamov çıxış edərək bildirib ki, İran İslam dini pərdəsi altında özlərinin riyakar niyyətlərini reallaşdırmağa çalışır: "Belə olmasa idi, İslam dininə yüksək dəyər verən Azərbaycana qarşı düşmən siyasətini yürütməzdi. Əgər İran özünü İslam respublikası adlandırırsa, nə üçün İslam dininin dəyərlərini məhv edən Ermənistanın yanındadır və ona dəstək göstərir?!".
Deputat bildirib ki, İran Azərbaycana nəyi necə etməyi ilə bağlı göstəriş verməməlidir:
"Ölkəmiz müstəqildir, dünyanın istənilən ölkəsi ilə milli maraqlara uyğun əməkdaşlıq qurur, diplomatik münasibətləri inkişaf etdirir. Yaxşı olardı ki, İran parlamenti özünün antiislam və xəyanətkar əməllərindən əl çəksin. İran deputatları İslam dinin düşməni olan Ermənistanla qucaqlaşıb öpüşməyin əvəzinə, Azərbaycanda İslam dini dəyərlərinə qarşı törədilmiş terrora görə Ermənistanı qınamağa çağırış edən məsələni müzakirə etsin. O zaman müsəlman dünyası da İranın İslam dini dəyərlərinə səmimi olduğunu görər".
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, Azərbaycan torpaqları 30 il ərzində işğal altında qaldığı müddətdə İranın səlahiyyətli şəxsləri bir dəfə də olsun Azərbaycan ərazilərini işğal edən, Xocalı soyqırımını törədən, onlarla Azərbaycan kəndlərində soyqırımlar törətmiş Ermənistanın bu hərəkətlərinə qarşı heç bir bəyanat qəbul etməyib, əksinə Ermənistanla diplomatik əlaqələri və hərbi əməkdaşlığı genişləndirib: "Bununla da Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə şərik çıxdığını bir daha göstərib. Ona görə də İran parlamentinin bu ədalətsiz bəyanatını Azərbaycan xalqı, keçmiş məcburi köçkünlər, o cümlədən Ermənistandan qovulmuş qaçqınlar qətiyyətlə pisləyir".
Milli Məclisin deputatı Zahid Oruc bugünkü plenar iclasda çıxışı zamanı deyib ki, İran parlamentinin ölkəmizə qarşı bəyanatı son 3 ildə dini və hərbi rəhbərliyin hücumuna bütün dövlət hakimiyyətinin qoşulması deməkdir. İran-Azərbaycan münasibətləri 1991-93-cü illəri çıxsaq, ən aşağı səviyyəyə düşüb.
"İran məclisi İslam Əməkdaşlığı Təşkilatına müraciət edir ki, ölkəmizin İsraillə münasibətlərinə mane olsun. Birincisi, məğlub Azərbaycan İran üçün təhlükəsiz idi, məğlub Azərbaycan onlara daha çox sərf edirdi. İkincisi, Zəngəzur dəhlizinin açılmasına Ermənistan razılıq vermişdi, iki dövlət təzyiq göstərəndən sonra imtina etdi. "Məni hansı aqibət gözləsə də, sülh müqaviləsini imzalayacam" deyən Paşinyanı devirməyə qalxanlardan biri də İran idi. Buna görə İran Paşinyana ultimatum verdi", - deyə Zahid Oruc əlavə edib.