SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran Azərbaycanlaşacaq, Azərbaycanda "yaşıl bayraqlı" dövlət olmayacaq - Zahid Oruc

STM rəhbərinin sözlərinə görə, İranın ölkəmizdə sosial bazası sarsılıb, müxtəlif tellərlə mənəvi, dini və iqtisadi bağı olanlar son 3 ildə zəifləyiblər.
Sputnik
BAKI, 7 aprel - Sputnik. Azərbaycanla savaşdıqca, İran Azərbaycanlaşacaq!
Bu fikirlərin müəllifi Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucdur. O, parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, "şiələrin kütləvi həbsi” təbliğatı radikal dini qrupların silahlı hücumlarına rəvac vermək, dini tolerantlıq mühitini və məzhəblərarası vəhdəti pozmağa xidmət edir.
"Guya din dövlətə qarşıdır, hakimiyyət din əleyhinə siyasət aparır, dövlət rəsmiləri dini etiqad baxımından əks qütbdədir", - Z.Oruc əlavə edib.
O bildirib ki, təmsil etdiyi Sosial Tədqiqatlar Mərkəzin keçirdiyi sorğu nəticələrinə əsasən, əhalinin 97%-nin dini etiqadının İslam, 19%-nin özünü məhz şiə məzhəbinə aid etməsi və 18%-nin həyatını dini dəyərlər üzərində qurmasına baxmayaraq, İran amilinin milli, yəni fars milliyyətçiliyi zəmində deyil, məhz dini rejim zəmində tirajlandığı görülür:
"İranın ölkəmizdə sosial bazası sarsılıb, müxtəlif tellərlə mənəvi, dini və iqtisadi bağı olanlar son 3 ildə zəifləyiblər. Lakin o dayaqlar hələ var. Milli Təhlükəsizlik Nazirliyinin başı qəsdlərə və soyğunçuluğa qarışanda onlar içəridə şəbəkə qurublar. Azərbaycan məscidləri İranın ideoloji təlimləri və casusluq şəbəkələrini genişləndirməsi üçün hərbi qərərgaha çevrilib. Əlbəttə, dini, İslamı “İranla “eyniləşdirmək, milyonlarla inanclını onların sosial bazası kimi göstərmək yolverilməzdir. Görün, bu qədər xəyanətlərin qarşısında biz qalib gəlmişik. O casus şəbəkələri son 3 ildə yaranmayıb, tam əksinə, dövlət təhlükəsizliyimiz Qələbədən sonra möhkəmlənib. Əgər təmizləməsək, daxili cəbhələr artacaq. Biət edənlərin sayı minlərlə deyil, lakin təcrid olunmasalar, təhlükə böyüyəcək. Çünki casusluğa cəlb olunanlar gec partlayan minalara bənzəyir. İşimiz təkcə azad torpaqları minasızlaşdırmaq deyil. Biz qalib dövlətdən, qalib vətəndaşa çevrilməliyik!".
Deputat vurğulayıb ki, Azərbaycanda "yaşıl bayraqlı" dövlət olmayacaq:
"Dünyəvilik bizim mövcudluq formamızdır, müstəqillik qanımıza, canımıza, ruhumuza keçib. Əsrlərlə bu torpaqları ələ keçirən imperiyalar dağılıb, lakin dünya xəritəsində Azərbaycan adlı dövlət yaşayır və qalib gəlir. Ona görə də ölkəmizin İrana qarşı 3-cü ölkələrdən hərbi-siyasi yardım istəyəcəyini gözləməsinlər. Prezidentin siyasi xarakterini, dəmir iradəsini hər kəs bilir. “Biz hərbi meydanda tək döyüşdük” deyən ölkə rəhbərinin strateji kursu qoy hamıya bəlli olsun: Azərbaycanla savaşdıqca, İran Azərbaycanlaşacaq!".
SİYASƏT
"İranın maskası cırıldı": İİR parlamentinin anti-Azərbaycan bəyanatına MM-də sərt reaksiya