BAKI, 7 aprel — Sputnik. İran səfirliyinin 4 əməkdaşı Azərbaycanı tərk edib.
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi İran səfirliyinin 4 əməkdaşı Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək ölkələrinə yola düşüblər.
Qeyd edək ki, aprelin 6-da İran səfirliyinin dörd əməkdaşı (Mirmahdi Mirsalampur, Şərif Qurbanəli, Purmərcan Varcovi, Hadı Moğadam, Əsgər Bahari Xoş Mənzər) Azərbaycan hökuməti tərəfindən "persona non grata" (arzuolunmaz şəxs) elan edilib.
İran səfirliyindən həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
Xatırladaq ki, aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.
İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.