BAKI, 7 aprel — Sputnik. İnsanın Ay bazasında iki ildən artıq yaşaması mümkün deyil. Bunu Rusiya Elmlər Akademiyasının Biotibbi Problemlər İnstitutunun (BPİ) "pilotlu kosmik uçuşların radiasiya təhlükəsizliyi" şöbəsinin müdiri Vyaçeslav Şurşakov "Andrey Melniçenko Fondu"nun dəstəyi ilə təşkil edilən "Science Cafe"dəki çıxışı zamanı bildirib.
"Hazırda astronavtlar üçün bütün karyeraları boyu kosmik radiasiya norması nüvə sənayesi işçiləri və ya rentgen otaqlarının işçiləri ilə eynidir. Bu, ömür boyu min millizivert deməkdir. Bunu nəzərə alsaq, o zaman kosmonavt kosmik stansiyada dörd ildən artıq yaşaya bilməz. Bundan əlavə, Ayda radiasiya şəraitində insan iki ildən çox qala bilməz", – deyə Şurşakov bildirib.
Onun sözlərinə görə, məhz yüksək radiasiyaya görə Ayı koloniyalaşdırmaq, yəni onun üzərində tam yaşamaq mümkün olmayacaq. Bununla belə, insan özünü kosmik şüaların zərərli təsirlərindən qoruya bilər.
"Planetimiz də bir növ kosmik gəmidir və onun öz müdafiəsi var – bu, atmosferdir. Biz onu su sütununda (qeyd: su sütununun millimetri sistemsiz təzyiq ölçü vahididir) yenidən hesablaya bilərik - bu, 10 metrə bərabər olacaq. Gəmi üçün belə bir mühafizə təşkil etmək mümkün deyil. Ancaq Ay missiyaları zamanı peykdə suyun çox olduğu bir yer tapıldıqda, onun üzərində Ay bazası tikilə bilər. Su ilə zənginləşdirilmiş Ay reqoliti radiasiyadan yaxşı qoruyacaq. Su neytron axınını mükəmməl şəkildə ləngidir və belə bir yer bir çox cəhətdən əlverişli olacaq", - deyə Şurşakov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.