RUSİYA

Lavrov: Ümid edirik ki, heç kim Cənubi Qafqazda nizamlanma prosesinə müdaxilə etməyəcək

Rusiya XİN rəhbəri bildirib ki, regionda kommunikasiyaların və təbii ki, Cənubi Qafqazın münaqişədən sonra yenidən qurulması səylərini alqışlayırıq.
Sputnik
BAKI, 7 aprel — Sputnik. Rusiya qeyri-regional oyunçuların Cənubi Qafqazda nizamlanmaya müdaxilə etməyəcəyini gözləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra deyib.
“Ümid edirik ki, regiondankənar həmkarlarımızdan bəziləri bu proseslərə müdaxilə etməyəcək və tərəfləri üçtərəfli Rusiya-Ermənistan-Azərbaycan formatında əldə olunmuş razılaşmaların ciddi şəkildə yerinə yetirilməsinə yönəldəcəklər”, - deyə o bildirib.
Sergey Lavrov vurğulayıb ki, bu razılaşmalar işin davam etdirilməsi üçün əsas baza olaraq qalır.
Lavrovun sözlərinə görə, Rusiya region ölkələri arasında əməkdaşlığın dərinləşməsinin tərəfdarıdır.
“Biz Ermənistanla Türkiyə arasında dəstəyimizlə başlanmış münasibətlərin normallaşması prosesini, nəqliyyat əlaqələrinin, regionda kommunikasiyaların və təbii ki, Cənubi Qafqazın münaqişədən sonra yenidən qurulması səylərini alqışlayırıq”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə səfərdədir. Türkiyəli həmkarı ilə danışıqlar zamanı o, Ukraynadakı vəziyyət, taxıl sazişi, eləcə də Cənubi Qafqazdakı vəziyyət, o cümlədən İrəvan və Ankara arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.