DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Pentaqonun siyahısından çıxarıldı - Ermənistan MN-dən reaksiya

ABŞ hərbi departamentinin saytında dərc olunmuş rəsmi press-relizdə Ermənistan iştirakçılar siyahısından çıxarılıb.
Sputnik
BAKI, 7 aprel — Sputnik. Ermənistan Silahlı Qüvvələri bu il ABŞ-ın dəstəyi ilə Avropada keçiriləcək iki təlimdə iştirak edəcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan məlumat verib.
O bildirib ki, Ermənistan hərbçiləri KFOR (Kosovo Qüvvələri) və "Saber Junction" manevrlərində iştirak etməyi planlaşdırır. Təlimi ABŞ Ordusunun Avropa Komandanlığı həyata keçirəcək.
Ermənistan əvvəlcə ABŞ-ın Avropada təşkil edəcəyi "Defender-23" təlimlərində iştirak edəcək ölkələrin siyahısında idi.
Pentaqonun sözçüsü Sabrina Sinq də Ermənistanın Avropada keçiriləcək "Defender-23" çoxmillətli təlimlərində iştirak edəcəyini açıqlamışdı.
Daha sonra ABŞ hərbi departamentinin saytında dərc olunmuş rəsmi press-relizdə Ermənistan iştirakçılar siyahısından çıxarılıb.
Bildirilir ki, ABŞ-la yanaşı, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər təlimlərdə iştirak edəcəklər.
Qeyd edək ki, təlimlər 22 apreldə başlayacaq və 2 ay davam edəcək.