TƏHSİL

Bakı məktəblərinin yeməkxanalarında monitorinqlər aparılır

Ötən gün paytaxt məktəbində baş verən zəhərlənmədən sonra BŞTİ bildirib ki, məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir.
Sputnik
BAKI, 7 aprel — Sputnik. Bakıdakı məktəblərin yeməkxanalarında iaşə xidmətlərinə, qidaların keyfiyyətinə nəzarət məqsədilə müvafiq dövlət qurumları tərəfindən monitorinqlər aparılır.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində iaşə xidmətinin təşkilində müvafiq qaydaların tələbləri əsas götürülməklə, məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir.
Təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında" qərarına, "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı"na və "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında" Qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.
"Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"na əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı müəyyən olunub.
"Təhsil haqqında" qanunun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti bu sahədə uzun müddət təcrübəsi olan, qanunvericiliyə uyğun fəaliyyət göstərən iaşə xidməti müəssisələri tərəfindən həyata keçirilir.
Təhsili idarəetmə qurumları bu istiqamətdə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Qeyd edək ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən "Tais ikf" MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.