MƏDƏNİYYƏT

Tüfeyli həyat tərzi, aqressivlik və özünəqəsdi təbliğ edən mahnılar hansılardır - Siyahı

Mütəxəssislər bildiri ki, ticarət-kommersiya məqsədlərinə yönəldilmiş, arzuolunmaz əxlaqı, aşağı səviyyəli davranış tərzini reklam və diktə edən məqsədyönlü mahnılar insanların həyatına nüfuz etdikcə mənfi tendensiyaların təsiri qaçılmazdır.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycanda mahnıların monitorinqini aparıb, nöqsanlar aşkarlayıb. Belə ki, 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1 253 norma pozuntusu müəyyənləşdirilib. Mahnıların monitorinqi zamanı 668 orfoepik, 111 leksik, 144 qrammatik, 330 üslub və ifadə səhvi aşkarlanıb.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva mahnıların monitorinqinin nəticələri ilə bağlı keçirilən tədbirdə bildirib ki, mahnılarda aşkar edilən nöqsanların kütləvi hal alması mədəniyyətin inkişafına mane olduğu üçün bu sahədə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi labüddür.
O bildirib ki, Azərbaycan musiqisinin əsas qolu olmaqla dilimizin bütün incəliklərini əks etdirən mahnı janrında ədəbi dil normalarının kobud şəkildə pozulması bu sahədə də monitorinqin aparılmasını zərurətə çevirib.
Monitorinqin nəticələrini ümumiləşdirən S.Əliyeva qeyd edib ki, mahnılarda dilimizin düzgün tətbiqi çox vaxt arxa plana keçir:

"Mahnı mətnlərində kifayət qədər leksik və qrammatik norma pozuntusunun, üslub və ifadə səhvlərinin, ifalarda isə çox vaxt orfoepik normaya əməl edilməməsi və dialekt elementlərinin aşkarlanması buna əyani sübutdur. Monitorinq zamanı milli-mənəvi dəyərlərimizə zidd davranışları təbliğ edən çoxsaylı nümunələrə də rast gəlinib".

Professorun sözlərinə görə, müəyyən edilən nitq faktları dilimizin özünəməxsus sabit qrammatik quruluşuna, leksik tərkibinə xələl gətirməklə yanaşı, bədii-estetik zövqümüzün korlanması, zəngin musiqi ənənələrimizin itirilməsi ilə bağlı narahatlığa əsas verir.
Aşkar edilən nöqsanların kütləvi hal alması mədəniyyətimizin inkişafına mane olduğu üçün bu sahədə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi labüddür.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssis Günel Hacıyeva mahnıların monitorinqinin nəticələri ilə bağlı keçirilən tədbirdə bildirib ki, mənşəyi bilinməyən top-reytinqli bayağı mahnıların intensiv şəkildə yayımlanması ilə "trend-mahnı" anlayışının qeyri-iradi qəbul olunması, milli mədəniyyətimizə yad, bayağı mahnıların insanlara gerçəklik kimi təqdim edilməsi artıq həyəcan təbilinin çalınmasını zəruri edir.
Mütəxəssis qeyd edir ki, ticarət-kommersiya məqsədlərinə yönəldilmiş, arzuolunmaz əxlaqı, aşağı səviyyəli davranış tərzini reklam və diktə edən məqsədyönlü mahnılar insanların həyatına nüfuz etdikcə mənfi tendensiyaların təsiri qaçılmazdır.
Aparıcı mütəxəssis Nazlıxanım Teyyubova isə ifa zamanı müxtəlif səslərin öz məxrəclərindən kənar səsləndirilməsinin, şəkilçilərin, mürəkkəb sözlərin yanlış tələffüz edilməsi və vurğunun yerində işlədilməməsinin adi hala çevrildiyini nəzərə çatdırıb.
Onun sözlərinə görə, əyani nümunələr əsasında nitq faktlarını təhlil edən məruzəçi bildirib ki, mahnı mətnlərində sözlər əksər hallarda kontekstə uyğun seçilmir, hətta dilin frazeoloji qatını təşkil edən sabit söz birləşmələrinin tərkibi dəyişdirilməklə məna təhrif edilir.
Bundan başqa, şəkilçilərin yanlış ixtisar edilməsi, qrammatik göstəricilərin yersiz şəkildə bir-birini əvəzləməsi, söz sırasının pozulması nəticəsində yaranan anlaşılmaz misralar mahnıların monitorinqi zamanı diqqətçəkən məqamlar kimi vurğulanıb.
Mahnılarında yol verilən üslub və ifadə səhvləri barədə də ətraflı məlumat verən çıxışçı mətnlərdə misraların qafiyələnməsinin ön plana keçməsi səbəbindən sözlərin semantik çalarlarından və dilimizin üslub imkanlarından yetərincə istifadə edilmədiyini, həmçinin mənəvi dəyərlərimizə zidd kobud söz və ifadələrə rast gəlindiyini təəssüf hissi ilə qeyd edib.
Eyni zamanda, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edilib. Həmin mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub.
Həmin mahnı nümunələri aşağıdakılardır:
İlkin Çərkəzoğlu - "Aparır, kayf aparır", "Bomba kayfda", "Kayfim zor olanda" mahnısı;
Məhəmməd Fəda - "Zır kayfdayam bu gün";
Rüzgar - "Yenə gedirəm";
İlqar Dəniz & Orxan Eşqin - "Nə, nə, nə nəşəni çəkdim, xu, xu, xu xumar apardı";
Sənan & Vǝli & Arzu - "Bu da təzə temadır, yetim";
Simral Qasımoğlu & Asif Əhmədli - "Zəhrimar";
Said & Samid - "Nağaracuğa";
Elçin Göyçaylı - "Ley-pey olmuşam";
Toğrul Göyçaylı & Nurlan Göyçaylı - "Adam nə qədər ley-pey?";
Şamil Vəliyev - "İçirəm mən";
İlqar Dəniz - "İçirəm";
Elvin Elcan - "Kefliyəm";
Elçin Göyçaylı - "Mey gətir";
Ramil Sədalı - "Gecə ləzzət eləyir";
Fərəcov & Cavid - "Nivalar dəlilərindir";
Fərhad - "Şəhər xuliqanları";
İlqar Dəniz & Orxan Eşqin - "Xuliqanski";
Samir Ilqarlı & Tural Səda - "Avtoşlar"
İlqar Dəniz & Orxan Eşqin - "Avtoşlar-2" (İlqar Dəniz & Orxan Eşqin - "O yana, bu yana");
Fərəcov - "Gedirik Nabrana";
Fərid Biləcərili & Hakim - "Sür, ay qardaşım";
Məhəmməd Fǝda & Elnur Ağdamlı - "Avtoşdur bunlar"
Vüqar Səda - "Ay yetim";
Orxan Dəniz - "Mənim balam şor dadır";
Gülağa - "Hayıf məndən";
Narana Paşayeva - "Əmim oğlu, neylədin?";
Ülviyyə Namazova - "Evli insan sevirəm";
Azəri oğlu Cəfər - "Evli qadın sevirəm";
Dərya Eyvazova - "Nə gedər";
Rza & Elmir Əliyev - "Yeri var";
İlqar Dəniz & Orxan Eşqin - "Maç ela";
İlqar Dəniz & Orxan Eşqin - "Verməyəcəyəm";
İlqar Dəniz & Orxan Eşqin - "Qız tuturam";
İlqar Dəniz - "Bu nə dvijeniyadır";
Elcan Həsənov - "Na bomba xumardır bu";
Sevgi - "Öp, öp";
Orxan Eşqin & İlqar Dəniz - "Ay, ay, of, of"
Orxan Eşqin & Aysel Şirin - "Ölürəm öpüşmək üçün";
Samir İlqarlı & Mahir Aybrat & Tural Səda - "Padxod-2";
Elvin Xəyal - "Kül bunun qız başına";
İlqar Dəniz & Orxan Eşqin - "Üzün meymuna oxşar";
Cavad Rəcəbov - "Balaca kişi";
Orxan Dəniz & Aşiq Səbuhi - "Mənim balam bal dadır";
Şəbnəm Tovuzlu - "Baldır balam";
Üzeyir Mehdizadə & Rəqsanə - "Dəli balam";
Mehriban - "Dəli balam";
Aygül Səfərova - "Dəlidir balam";
Səmra - "Bandam";
Səmra - "Armas"; "Göz";
İlqar Dəniz & Orxan Eşqin - "Zor eləmişəm";
Üzeyir Mehdizadə "Rǝdd elǝ!";
Nüşabə Musayeva "Partlaya-partlaya";
İlqar Dəniz - "Sevənə söyüş qoymuşam";
Canan - "Ürəyi partladı";
Günay İbrahimli "O kimdir ki?!";
Tural Sədalı - "Özümü atdım Xəzərə";
Mehdi Sadiq & Noton - "Yaşamaq lazım";
Üzeyir Mehdizadə - "Kəsəcəyəm damarları".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.