TƏHLİL

Gözlənilməz qərar. Avropa bütün borclarını kimə bağladacaq?

Analitik hesab edir ki, əvvəllər risksiz bond rolunu Almaniyada inkişaf etmiş istehsal hesabına etibarlı istiqrazlar yerinə yetirirdi. Hazırda isə bütün Avropada müəssisələr bağlanır və vəziyyət çox fərqlidir.
Sputnik
BAKI, 6 aprel — Sputnik, Nadejda Sarapina. Beynəlxalq Valyuta Fondu Aİ-də borc böhranından qorxur və avrozona ÜDM-nin, təxminən 15 faizi dəyərində risksiz istiqrazlar buraxmaqla suveren öhdəlikləri ümumi kreditdə birləşdirməyi təklif edir. Onlara dövlətlərüstü struktur - Avropa Borc İdarəetmə Agentliyi nəzarət edəcək. Kim və necə ödəməli olacaq – bu barədə "RİA Novosti"nin materialında.
Keçmişdən gələn fikir
Sarsılmaz birlik haqqında bəyanatlara baxmayaraq, Aİ müxtəlif iqtisadiyyatlara, büdcələrə və bir valyutaya malik ölkələrin konqlomeratıdır. Avropa Mərkəzi Bankı (AMB) pul buraxmaq hüququna malikdir, lakin hər bir dövlət pul xərcləyə və borc götürə bilər.
Pandemiya, enerji qiymətlərindəki sıçrayış, logistikanın pozulması çox böyük xərclərə səbəb oldu. Nəticədə 2022-ci ilin sonuna ümumi borc ÜDM-in 100 faizinə yaxınlaşıb. Bu rəqəm, xüsusilə, İtaliyada - 150 faizdən çox, İspaniya və Fransada - 110-dan yuxarıdır. Maastrixt müqaviləsində isə maksimum 60 faiz nəzərdə tutulub.
İş, hətta defaulta qədər gedib çıxa bilər. Aİ rəhbərliyi "nəyin bahasına olursa-olsun" belə ssenaridən qaçmaq niyyətindədir. BVF ekspertləri hesab edirlər ki, vahid borc sistemi iqtisadiyyatın sabitliyini artıracaq və Fransa, İtaliya, İspaniya, Finlandiya və Belçikanın öhdəliklərini ÜDM-in 26 faizinə qədər azaldacaq.
Bu ideyanın müəllifləri ABŞ-ın təcrübəsindən yararlandıqlarını etiraf edirlər. 18-ci əsrin sonlarında orada ayrı-ayrı ştatların borcları ümumi federal borclara çevrilmiş, öhdəliklərə xidmət xərclərinin azaldılması və onların yenidən bölüşdürülməsi üçün hesablama nəzərdə tutulmuşdu.
Borc ödəndikcə gözəldir
Lakin kimin və nə qədər ödəyəcəyi bəlli deyil. Kiçik borcu olan ölkələr əlavə maliyyə yükü ala bilərlər. Əvvəllər risksiz bond rolunu Almaniyada inkişaf etmiş istehsal hesabına etibarlı istiqrazlar yerinə yetirirdi. Amma hazırda bütün Avropada müəssisələr bağlanır və vəziyyət çox fərqlidir.
Aİ-də bank sektoru ilə bağlı problemlər var, vəsait kifayət deyil. BVF-nin fikrincə, mərkəzləşdirilmiş məsuliyyət investorları arxayınlaşdıracaq, lakin maliyyəçilər buna əmin deyillər.
Ekspertlər xatırladırlar: dövlət istiqrazlarının özü təhlükəsiz, mühafizəkar alətdir. Onlardan əldə edilən gəlir əsas xərclərə yönəldilir: ofislərin icarəsi, işçilərin maaşları. Bonuslar riskli alətlər - səhmlər tərəfindən qazanılır. Uğursuz investisiyalar halında belə, sabitlik istiqraz portfeli ilə təmin edilir. Hazırda avrobondlar bu keyfiyyətdə cəlbedici deyillər.
Maliyyə Analitikləri və Risk Menecerləri Gildiyasının Müşahidə Şurasının üzvü Aleksandr Razuvayev izah edir ki, faiz dərəcələrinin artırılması dövründə uzunmüddətli qiymətli kağızlar almağa dəyməz - pul itirmə ehtimalı yüksəkdir.

"Sadəcə depozit qoymaq daha təhlükəsizdir, ən əsası isə istənilən vaxt pul çıxarmaq imkanı ilə. Faiz daha aşağıdır, lakin heç nə itirməyəcəyinə zəmanət verilir. İstiqrazlar isə bazarın onlara verəcəyi dəyər qədər baha başa gəlir. Bu risklidir", - deyə o, bildirib.

Bundan əlavə, xüsusilə Asiya və Şərqdən olan investorlar Rusiya ətrafında baş verənlərdən çəkinə bilərlər. Nə çinlilər, nə də ərəblər həbs təhlükəsi altında Avropaya sərmayə qoymaq istəməyəcəklər. ABŞ-ın tərəfdaşlara təzyiqini nəzərə alsaq, etimadsızlığa kifayət qədər haqq vermək olar.
"Əlbəttə, insanları almağa məcbur etmək variantı var, lakin təcrübə göstərir ki, bazar qanunlarına uyğun olmayan hər şey uğursuzluqla başa çatır", - deyə Razuvayev qeyd edib.
Aİ-nin qorxu hissləri
Hələ noyabr ayında "Bloomberg" Aİ-nin nəhəng borcuna və son dərəcə təhlükəli mövqeyinə diqqət çəkmişdi. Səlahiyyətlilərə suveren iflas mexanizminin hazırlanması - dövlət öhdəliklərinin özəl kreditorlara verilməsi, vergi ödəyicilərinin qorunması tövsiyə olunmuşdu.
İqtisadçılar bank böhranının ardınca borc böhranının olacağı barədə xəbərdarlıq edirlər. BVF Portuqaliya, Yunanıstan və İtaliya kimi problemli dövlətləri dəstəkləməyə çalışır. Ancaq plan işləməyə bilər.

"Əlbəttə, Aİ rəsmiləri bu sxemi etibarsız hesab etmirlər. Amma ABŞ-ın qiymətli kağızlarını ABŞ, Rusiyanın qiymətli kağızlarını Rusiya təmin edir. Aİ istiqrazlarına görə hansı ölkə cavab verəcək? Bunlar kimin borclarıdır?", – deyə Razuvayev sual verir.

Mütəxəssislərin fikrincə, Aİ uzunmüddətli perspektivi düşünmür, yalnız sağ qalmağa çalışır. Nəticədə dövlət borcları yığılmaqda davam edəcək – axı, onları onsuz da Avropa Agentliyinə ödədəcəklər. Və maliyyə piramidası yaranacaq.
İqtisadçı Leonid Xazanov hesab edir ki, Avropa Borcu İdarəetmə Agentliyi böhrandan çıxmayacaq. İlk növbədə, zəif iqtisadiyyatı olan kiçik dövlətlər zərər çəkəcək, onların defoltları bütün Aİ-də ödənişsizliyin uçqununa səbəb olacaq. Real sektorun ən azı bir hissəsini özündə saxlayan Almaniya da zərbə alacaq. Yenidən bölüşdürülmüş öhdəliklər onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirəcək, istehsal müəssisələrinin bağlanmasını və xaricə köçürülməsini sürətləndirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.