DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Səudiyyə Ərəbistanı və İran XİN rəhbərlərinin görüşünü hazırlayır

Mənbələr bildirirlər ki, iki nazir üçün görüş yeri kimi Pekinin seçilməsi onun bu ölkələr arasında razılığın əldə olunmasında və qarşılıqlı əlaqənin asanlaşdırılmasındakı rolu ilə bağlıdır.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan Pekində görüşüblər.
Bundan əvvəl Səudiyyə Ərəbistanının "Aş-Şarq al-ausat" qəzeti öz mənbələrinə istinadən iki ölkə arasında diplomatik münasibətlərin bərpasına dair razılaşmanın intensivləşdirilməsi üçün Pekində görüşün hazırlanması barədə məlumat yayıb. Mənbələr bildirirlər ki, iki nazir üçün görüş yeri kimi Pekinin seçilməsi onun bu ölkələr arasında razılığın əldə olunmasında və qarşılıqlı əlaqənin asanlaşdırılmasındakı rolu ilə bağlıdır.
Qeyd olunur ki, Pekinə səfər etməzdən əvvəl iki ölkənin xarici işlər nazirləri bir neçə dəfə telefonla danışıb, Tehran və Ər-Riyadın diplomatik münasibətlərin bərpası və digər razılaşmaların təşəbbüskarı olmaq üçün atmaq niyyətində olduqları addımları müzakirə ediblər.
Martın əvvəlində Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı 7 il əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa etmək və 60 gün ərzində səfirliklərini açmaq barədə saziş imzalayıb. Birgə bəyanat Pekində bir neçə günlük danışıqlardan sonra imzalanıb.
Tehran və Ər-Riyad arasında diplomatik əlaqələr 2016-cı ildə Krallığın tanınmış şiə ilahiyyatçısı Nimr əl-Nimri edam etməsinə etiraz edənlərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndəliklərinə hücumundan sonra kəsilib, lakin son aylarda tərəflər fikir ayrılıqlarını aradan qaldırmaq istəyini bildiriblər.
əudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İranla münasibətlərin qurulmasının zəruri olduğunu bildirib. Eyni zamanda İranda iğtişaşlar başlayandan sonra Səudiyyə Ərəbistanı etirazlarda iştirakda və onlara dəstək verməkdə ittiham edilib.
Martın ortalarında BƏƏ prezidenti Məhəmməd bin Zeid Əl Nəhyan İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxanini qəbul edib və tərəflər ikitərəfli əlaqələri və əməkdaşlığın qurulması yollarını müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.