BAKI, 6 aprel - Sputnik. Aprelin 8-də Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində gənc dirijor Murtuza Bülbülün dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq.
Proqramda Bethovenin "Eqmont" uvertürası, Qriqin "Per Günt" No. 1 süitası, Listin “Prelüdlər” simfonik poeması, Musorqskinin “Keçəl dağda gecə” simfonik tablosu, Çaykovskinin “Qu gölü” baletindən “Suita” səslənəcək.
Murtuza Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunun oğludur. O, 2001-ci ildə anadan olub. Üçüncü nəsildə musiqiçi olduğu üçün musiqiyə həvəs ona miras qalıb.
İlk musiqi təhsilini Moskvada, L.Bethoven adına Uşaq Musiqi Məktəbində alıb, sonra Moskva Dövlət Çaykovski Konservatoriyasında təhsil alıb. O, təkcə Azərbaycanda deyil, Rusiyada və digər xarici ölkələrdə də konsertlər verir.