BAKI, 5 aprel — Sputnik. Bu günlərdə prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanla "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verildi.
Ölkədə həm içməli su, həm də suvarma suyu ilə bağlı problemlərin yaşandığı ərəfədə belə bir fərmanın imzalanması su ilə bağlı çətinlik yaşanan ərazilərdə yaşayanlarda bir ümid yaradıb.
"Sahəmizi iki aydan bir sulayırıq"
Sabirabadın Həsənağa kənd sakini Esmira Nuriyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlara məxsus əkin sahəsində qarpız əkiblər. Növbəlilik əsasında iki aydan bir əkin sahələrinə su verilir. Halbuki, qarpızı ən azı ayda bir dəfə sulamaq lazımdır: "Kürdə su azaldığından dörd ildir ki, Sabirabad sakinləri susuzluqdan əziyyət çəkir. Qarpız elə bir bostan məhsuludur ki, onu vaxtında sulamalısan. Əvvəllər, su bol olanda ayda iki dəfə sulayırdıq, yaxşı məhsul götürürdük. İndi iki aydan bir sahəyə su verilir. Ona görə də, hamı məhsuldan əlini üzüb".
E.Nuriyeva deyir ki, kənddə yaşayanların çörəyi əkin-biçindən çıxır. Su olmayandan sonra isə kənddə yaşamağın bir mənası qalmır.
Onun sözlərinə görə, yeni Dövlət Su Ehtiyatları Agentliyinin yaranması onlarda bir ümid yaradıb.
"Fikirləşirik ki, bəlkə Dövlət Su Ehtiyatları Agentliyi yaranandan sonra su ilə bağlı problem aradan qalxar. Camaat da kənddən şəhərə axışmaz. Su olsa hər kəs öz əkin sahəsini əkib-biçər, dolanar. Kənddə susuz yaşamaq olmur. Növbəni gözləyəndə gərək iki aydan bir sahəni sulayasan. Bununla da məhsul götürmək olmur" deyə E. Nuriyeva bildirib.
Su anbarları dolu saxlanılmalıdır!
Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, prezidentin su ehtiyatlarının bir mərkəzdən idarəedilməsi ilə bağlı fərmanı günün tələbidir. F. Həsənov deyir ki, hazırda ölkənin əksər bölgələrində ciddi su çatışmazlığı müşahidə olunur. Su anbarlarının tənzimlənməsinin suvarmaya nəzarət edən qurum tərəfindən həyata keçirilməsi vacibdir:
"Azərbaycanda 140 su anbarı mövcuddur. Onların hamısı FHN-nin balansındadır. Su anbarlarında suların nizamlanması indiyədək düzgün həyata keçirilmirdi. Bu səbəbdən də bizim su anbarları boş qalmışdı. İllik çay axınının 55-65 faizi yaz aylarına təsadüf edir. Bu dövrdə anbarlara su toplanılmalıdır. Çünki, əvvəldən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çaylarda sululuqla bağlı məlumat verilir. Həmin məlumaltlar nəzərə alınaraq anbarlar doldurulmalıdır".
F. Həsənov deyir ki, suvarma sularının formalaşdırılması ilə yanaşı içməli su ilə bağlı da məsələlər düzgün tənzimlənməlidir: "Anbarda sular düzgün nizamlanmalıdır. Bunlar bir qurum tərəfindən həyata keçiriləndə bugünki tələbat nəzərə alınaraq işi qura biləcəklər. Birdən-birə su itkisinin qarşısını almaq mümkün olmasa da, bu istiqamətdə kompleks tədbirlər həyata keçiriləcək. Həm suvarma sistemlərinin yenilənməsi, həmçinin də içməli su təminatı zamanı itkiyə gedən suyun qarşısını almaq mümkün olacaq. Düşünürəm ki, prezidentin fərmanı bu baxımdan mühüm əhəmiyyət kəsb edəcək".
Susuzluq problemi necə həll edilməlidir?
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda müşahidə olunan su problemi təkcə ölkəmizə aid məsələ deyil. Onun sözlərinə görə, burada qlobal iqlim dəyişkənliyi, eləcə də siyasi məqamlar da var.
Tahir Rzayev bildirib ki, dünyanın əksər ölkələri bu problemlə üz-üzədir:
"Dünyada gedən müharibələr, iqtisadi əməkdaşlığın pozulması nəticəsində müəyyən ölkələrdən keçən su hövzələri, çaylarda suyun axıdılması qarşılıqlı həll oluna bilmir. Bu problem Azərbaycanda da var. Azərbaycanın çaylarının əksəriyyəti öz mənəyini qonşu ölkələrdən- Gürcüstan, Türkiyə, İrandan götürür. Həmin ölkələrdən suyun ötürülməsində müəyyən problemlər yaranıb. Amma bu gün ölkəmizdə Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması çox vacib idi. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti paralel təşkilatlar idi. Bu iki qurumda problemlər var idi. Problemlərin vahid mərkəzdən idarəolunması vacib idi ki, operativlik artsın. Ona görə bu iki qurum birləşdirilməli idi. Görünür prezident də buna görə belə bir fərman imzaladı".
Deputatın sözlərinə görə, qarşıda duran vəzifələr böyükdür. Çünki, həm bu qurumların özündən, həmçinin hökumətdən asılı olan məsələlər var.
"Biz suvarma, eləcə də içməli sudan səmərəli istifadə üçün yeni texnologiyalara keçməliyik. Digər tərəfdən suya qənaət olunmalıdır. İndiyədək bizdə bu yox idi. Əkin su kanalları mütləq yenilənməlidir. Beton kanallara keçilməlidir. Elə suvarma metodları istifadə edilməlidir ki, su az itkiyə getsin. Suvarmada dəqiq normalara əməl olunmaldır. Suvarma üçün suyun ardıcıl verilməsi təmin edilməlidir", - deyə millət vəkili bildirib.
T. Rzayev deyir ki, su itkisinin qarşısının alınması üçün əkin təsərrüfatlarının birləşdirilməsi də vacibdir. Onun fikrincə, xırda ailə təsərrüfatları, pay torpaqları birləşdirilərsə, burada sudan qənaətlə istifadə olunar, səmərələlik, məhsuldarlıq artar:
"Ölkənin işğaldan azad olunmuş ərazilərindəki torpaqlar da əkin dövriyyəsinə daxil olunur. Onların da suvarılması aktual olacaq. Həmin ərazilərdə su anbarlarının inşası vacibdir. Çünki, su yığılmalı, su ehtiyatı yaradılmalıdır. Agentliyin də ilk vəzifəsi su ehtiyatlarının yığılmasını təmin etmək, lazım olanda ondan səmərəli istifadə etmək olmalıdır".
İşğaldan azad olunmuş ərazilərin su potensialı
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisindəki Həkəri və Bərgüşad çaylarını tədqiq edərək imkanlarını analiz edən"Hidroloq" MMC-nin rəhbəri, əməkdar mühəndis, texnika elmləri doktoru Əhməd Məmmədov isə bu fikridədir ki, bu çayların su ehtiyatı hesabına anbarlar yaratmaqla əhalinin suya olan tələbatını ödəmək mümkündür. Həkəri çayını əmələ gətirən Şəlvə və Hocazsu çaylarının birləşdiyi yerdə həcmi 70.0 mln m3-ə qədər olacaq "Həkəri" su anbarı yaratmaqla onun su ehtiyatından 4.0 mln nəfərə qədər əhalini yüksək keyfiyyətli içməli su ilə təmin etmək olar. Həmin anbardan gələn "Həkəri-Ağdam" su kəməri Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam və Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrini keyfiyyətli içməli su ilə təmin etməyə imkan verəcək.
Həmçinin Füzuli rayonu ərazisində tikiləcək Cuvarlı su anbarından Bakı şəhərinə də özüaxar rejimdə içməli suyun ötürülməsi mümkün olacaq. Onun sözlərinə görə, Füzuli şəhəri və onun ətrafında yaşayacaq 100.0 min nəfərdən artıq əhalinin tələbatını ödəmək, şəhərdə yerləşən sənaye sahələrinin və yaşıllıqların suvarılması üçün təxminən 350-600 1/san sərfində suya olan ehtiyacı təmin etmək məqsədi ilə ümumi həcmi 35.0 mln kub metrə çatacaq "Qurucay" su anbarının tikilməsi və həmin anbardan götürülən suyun izafi təzyiqindən istifadə etməklə gücü 1.2 Mvt olan "Füzuli" Su Elektrik Stansiyasının da yaradılması da nəzərdə tutulub. Hazırlanmış 19 hidravliki sxemə əsasən təzyiqli su kəməri üzərində bir neçə yerdə ümumi gücü 15.0 Mvt olan su elektrik stansiyalarının yaradılması nəzərdə tutulub ki, bu da 100 min nəfərə qədər əhalinin il boyu elektrik enerjisinə olan tələbatın ödəməyə imkan verəcək.
Ə.Məmmədov deyib ki, əsasən Ermənistan ərazisində formalaşaraq Respublika ərazisinə daxil olan Bərgüşad çayının su ehtiyatlarından daha səmərəli istifadə olunması üçün həcmi 50.0 mln m3-a qədər olacaq "Bəxtiyarlı" su anbarının tikilməsi məqsədəuyğundur: "Bərgüşad çayının hidroenerji potensialından səmərəli istifadə etməklə gücü 10.5 Mvt olacaq "Bəxtiyarlı-l" SES-in tikilməsi nəzərdə tutulub".
Qeyd edək ki, imzalanmış fərmanla Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilənə qədər "Azərsu" və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-lər öz fəaliyyətlərini davam etdirəcəklər.