BAKI, 5 aprel — Sputnik. NATO hələ Ukraynanın hərbi-siyasi bloka üzv olmaq üçün müraciətinə məhəl qoymayıb və yaxın gələcəkdə ona üzvlük təklifini edə bilmir.
Bunu Şimali Atlantika Alyansı ölkələrinin diplomatları bildiriblər.
"Financial Times"ın məlumatına görə, "müraciət məktubu masanın üstündədir, lakin ona sadəcə məhəl qoyulmur". Eyni zamanda, NATO Brüssel və Kiyev arasında daha sıx münasibətlərin müzakirəsini mümkün hesab edir.
Nəşr qeyd edir ki, Alyansın mövqeyi Ukrayna rəsmilərini qıcıqlandırır. Belə ki, Ukraynanın prezident ofisinin rəhbərinin müavini Andrey Sibiqa Kiyevin "yalnız açıq qapı siyasəti haqqında bəyannamə deyil, NATO-ya daxil olmaq üçün müraciətə bəzi zəmanət və cavab almaq" istəyini bildirib.
"KP.RU" saytı yazıb ki, 2022-ci il sentyabrın sonunda Ukrayna lideri Vladimir Zelenski Kiyev tərəfindən NATO-ya sürətli şəkildə qoşulmaq üçün müraciəti imzaladığını bəyan edib. Onun sözlərinə görə, Ukrayna Alyansın müraciətə operativ şəkildə baxacağını və onu təsdiqləməyə qərar verəcəyini gözləyir.