BAKI, 5 aprel — Sputnik. İllik maliyyə hesabatlarını təqdim etməyən qeyri-hökumət təşkilatları (QHT) cərimələnə bilər.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qanuna əsasən QHT-lər illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlanıb.
QHT-lər www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınız təqdim edə bilərlər.
Vurğulanıb ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub. Başqa sözlə, vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilər.
Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanun nə deyir?
Xatırladaq ki, qanuna görə, qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.