DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çavuşoğlu İsveçin NATO-ya üzvlüyü barədə: hazırkı addımlar yetərli deyil

Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda Alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər.
Sputnik
BAKI, 5 aprel — Sputnik. İsveç NATO-ya üzvlük üçün bir sıra əlavə addımlar atmalıdır, hazırkı addımlar yetərli deyil. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı Finlandiyanın üzvlük mərasimindən sonra bildirib ki, İsveç də Şimali Atlantika Təşkilatına qoşulmaq üçün bütün şərtləri yerinə yetirib. Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankaranın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün terrorla mübarizəsi mühüm şərtdir.
"İsveçli həmkarım (Tobias Billström) ilə Brüsseldə keçirdiyimiz görüşdə Stokholmun NATO-ya üzvlük prosesində atmalı olduğu addımlar mövzusunu qaldırdıq. Bəzi addımlar atılıb, lakin kifayət deyil. Əlavə addımlar lazımdır", - Çavuşoğlu Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilib, lakin Macarıstan və Türkiyə İsveçin müraciətinə Finlandiyadan ayrı baxmaq istəyiblər. Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.
Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda Alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. Alyansa daxil olmaq üçün onun bütün üzvlərinin razılığı tələb olunur.
Bundan əvvəl Rusiyanın İsveçdəki səfirliyi öz saytında məqalə dərc edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasından sonra Rusiya-NATO sərhədlərinin ümumi uzunluğu demək olar ki, iki dəfə artacaq, bu, Avropanın - yeni üzvlərin təhlükəsizliyini yaxşılaşdırmayacaq. Düşmən bloku Rusiyanın cavab tədbirləri üçün qanuni hədəfə çevriləcək.