BAKI, 5 aprel — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin davam etdiyi dövrdə "Bakı Metropoliteni"ndə qatarların Qırmızı və Yaşıl xətlər üzrə ("Cəfər Cabbarlı-Xətai" mənzili istisna olmaqla) hərəkət qrafikində növbəti optimallaşdırma aparılıb. Bu məqsədlə 2022-ci il sentyabrın 14-dən tətbiq edilmiş sıx qrafik dövründəki monitorinqlərin nəticəsi xüsusi araşdırılaraq təhlil olunub. Monitorinqlər tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və bunun nəticəsi olaraq, metropolitendə sərnişin sıxlığı, hərəkət istiqamətləri, gediş-gəliş vaxtı və digər sərnişindaşıma parametrləri üzrə aparılıb.
Bu fikirləri "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
Bildirib ki, nəticə etibarilə "Bakı Metropoliteni"ndə sərnişin axını, cüzi istisnalar qalmaqla, pandemiyadan əvvəlki sonuncu ən çox sərnişin daşınmış 2019-cu ilin templərinə yaxınlaşmaqdadır: "2022-ci ilin payızından başlayaraq müxtəlif müəssisələrin, ələlxüsus, təhsil ocaqlarının fəaliyyətində ənənəvi sabit tədris rejimi tətbiq edilir. Bu isə metropolitendə pandemiya dövründə tez-tez dəyişən sərnişin axını templərinin sabitləşməsinə təsir edib. 2023-cü ilin noyabr ayından başlayaraq fevral-mart aylarında sərnişin sayı və axının dövrü müntəzəmliyi günün saatlarına görə tam olaraq sabitləşib. Bu səbəbdən səhər və axşam gur saatlar da daxil olmaqla, qrafikə müvafiq düzəlişlərin edilməsi qərara alınıb.
Bunun nəticəsində əvvəllər sərnişin sıxlığının tənzimlənməsi məqsədilə ehtiyat qismində "Nərimanov-Memar Əcəmi-Neftçilər-Memar Əcəmi" marşrutu üzrə xəttə buraxılan qatarlar artıq qrafik üzrə təyin olunmuş vaxtda müntəzəm marşrutla hərəkət edir. İş günləri ərzində gur saatlar səhər saat 07:00-10:00, axşam isə saat 17:00-20:00 müəyyən olunmaqla, iş günlərində qatarların "Həzi Aslanov-28 May" sahəsində intervalı, müntəzəm qaydada olmaqla, 2 dəqiqə müəyyənləşdirilib. Bu, "Bakı Metropoliteni" xətlərinin texniki xüsusiyyətlərinə görə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək minimal intervallardır".
Qeyd edək ki, iş günlərində qalan vaxt ərzində sərnişin axını templərinə uyğun olaraq, qeyd edilən sahədə qatarların hərəkəti, əsasən 2,5 dəqiqə, səhər erkən və gecə saatlarına doğru böyük intervallarla tənzimlənəcək. Xüsusi olaraq diqqətə çatdırılır ki, iki xətt "28 May" stansiyasında birləşdiyindən buradan "İçərişəhər" və "Dərnəgül" istiqamətində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.
Bununla belə, gün ərzində qrafikin dəqiq icrasını təmin etmək və xüsusi hallarda xəttə buraxılmaq üçün əlavə ehtiyat qatarların nəzərdə tutulması da diqqətdə saxlanılır.
Qrafikdə edilmiş dəyişikliklərlə əlaqədar "Bakmil" stansiyası istiqamətində iş günlərinin hərəkət cədvəli də dəyişdirilib və "Bakı Metropoliteni"nin rəsmi internet saytına yerləşdirilib.
"Bakı Metropoliteni" QSC sərnişinlərinə müraciət edərək, istifadə qaydalarına riayət etməyi, xüsusən platformalarda qatarları gözləyərkən ehtiyatlı və diqqətli olmağı, qatarlardan minib-düşənlərə yol verməyi, vaqona minərkən qapı zonasında yubanmamağı və dayanmamağı xahiş edir. Çünki qatarların stansiyada yubanması intervalların pozulmasının səbəb olur. İntervalların norma həddini aşması isə qatarların hərəkət intensivliyini azaltmaqla, qatarların stansiyalara daxil olmadan tunellərdə dayanıb gözləməsinə, platformalarda, xüsusən sərnişin axını daha çox olan stansiyalarda qatar gözləyənlərin sayının daha da artmasına gətirib çıxarır.