BAKI, 5 aprel — Sputnik. Türkiyədəki seçkilərdə müxalifətin qələbəsi Vaşinqtona sərf edir. Belə bir ssenari ilə ABŞ Rusiya ilə Türkiyə arasındakı münasibətlərə xələl gətirmək niyyətindədir.
Bu fikri Türkiyənin "Aydınlık" nəşri qeyd edib.
Qəzet yazır ki, ABŞ Ukraynada öz məqsədlərinə nail ola bilmir, həmçinin Yaxın Şərqdə nüfuzunu itirir. Bu baxımdan Vaşinqton Türkiyədəki seçkilərdən sonra tətbiq oluna biləcək yeni strategiyalar axtarır. Əgər müxalifət qalib gəlsə, ABŞ Suriya, Mərkəzi Asiya, eləcə də Qara dənizdə qarşıdurma planlaşdıraraq, Rusiya ilə Türkiyə arasında gərginlik yaratmaq niyyətindədir.
Nəşr Türkiyənin münaqişədə Ukraynanın tərəfini tutmalı olduğunu bildirən müxalifət namizədlərinin açıqlamalarına diqqət yetirir. Qəzet həmçinin müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə Türkiyənin NATO-nun üzvü olduğunu Rusiyaya xatırladacağı ilə bağlı açıqlamalarını da yada salıb.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri 2023-cü il mayın 14-də keçiriləcək. İndiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan artıq rəsmi olaraq "Respublika Alyansından" namizəd kimi irəli sürülüb. Onun əsas rəqibi müxalif "Xalq Alyansı"nın namizədi, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğludur.