CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixçi: "Nərimanovun heykəlini sökməyi onun fəaliyyətindən xəbəri olmayanlar tələb edir"

Alim bildirib ki, tarixi faktlar araşdırılmaldır, lakin onların qisasını abidələrdən almaq olmaz.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Bu günlər sosial şəbəkələrdə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış, məşhur pedaqoq, dramaturq, nasir, publisist, həkim olmaqla bərabər, həm də görkəmli dövlət xadimi olan Nəriman Nərimanovun Naxçıvandakı büstünün sökülməsi geniş müzakirələrə səbəb olub.
Sosial media isitfadəçilərinin bir qismi dövlət xadiminin Bakıdakı heykəlinin də sökülməsinə tərəfdardır. Bəziləri isə bunu doğru hesab etmir. Nəriman Nərimanova olan ikili münasibətlərin səbəbi nədir? Onun heykəlinin sökülməsi doğrudurmu?
Politoloq Nadir Şəfiyevin sözlərinə görə, bu, həm tarixi, həm mənəviyyat, həm də özünüdərk məsələsidir.
Onun fikrincə, hər hansa bir abidənin dağıdılması tarixi inkar etmək deməkdir.

"Biz uzun illər SSRİ imperiyasının tərkibində yaşamışıq. SSRİ-nin qurucularının da bir şüarı var idi: "Biz öncə bizdən əvvəl olanları tam məhv edib sonra onun üzərində öz dünyamızı quracağıq". Bu, xalqların, millətlərin yüzilliklərlərlə, minilliklərlə formalaşan tarixinin məhv olması deməkdir".

Nadir Şəfiyev, politoloq
Politoloq vurğulayır ki, keçmişdə barbar qəbilələri istər Şərqdən, istərsə də Qərbdən hücum edəndə həmin yerlərin öncə kitabxanalarını məhv edirdilər. Orada onlar üçün maraqlı olanları öz ölkələrinə aparırdılar:
"Biz öz ölkəmizdə yaşayırıq, heç bir yerə də getmirik. Əgər biz öz tariximizi siliriksə, erməni vandallarını necə qınaya bilərik? Biz bu gün cənab prezidentin, xarici işlər nazirinin, mədəniyyət nazirliyinin səviyyəsində bütün dünyaya müraciət edirik, xahiş edirik, yeri gələndə tələb də edirik ki, gəlsinlər, işğaldan azad olunmuş ərazilərimizə baxsınlar. Görsünlər ki, ermənilər orada nələr törədib. Görsünlər ki, onlar Azərbaycan mədəniyyətinin Yer üzündən silinməsi üçün nələr ediblər. Biz bunu edən bir xalq kimi niyə öz əlimizlə öz tariximizi silməliyik?"
Nəriman Nərimanovun Azərbaycan tarixində misilsiz xidmətləri olduğunu deyən həmsöhbətimiz bildirib ki, Ulu öndər Heydər Əliyev Nəriman Nərimanovun xidmətlərini zamanında qiymətləndirib:

"Hamımız bilirik ki, SSRİ yaradılan dövrdə rəhbərlikdə ermənilər hansı səviyyədə təmsil olunurdular. Azərbaycan ərazisində bolşeviklərin birbaşa daşnaklarla bir yerdə çıxış etməsini çox gözəl bilirik. Bu məqamda Azərbaycan tarixində Azərbaycan kommunistləri arasında Əliheydər Qarayev kimiləri olan vaxtda Nəriman Nərimanovun öz sinəsini qabağa verərək, kommunistlərin qabağında sipər çəkərək Azərbaycan dövlətçiliyinin ərazilərini xilas etmək üçün nələr etdiyini biz çox gözəl bilirik. Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra Nərimanovun Bakıdakı heykəlini xilas etdi. O vaxt da həmin heykəlin sökülməsi ilə bağlı söhbətlər gedirdi. Heydər Əliyev həmin heykəli xilas edə bildi. Ümummilli lider bir neçə çıxışında da Nərimanovun xidmətləri barəsində dəyərli fikirlər səsləndirib. Bunu tarixçilər də təsdiq edir. Nərimanovun yazdığı əsərlər, repressiyadan xilas etdiyi mədəniyyət adamları da var. Hətta Mehmandarovun xilas olunmasında da Nərimanovun birbaşa rolu var idi ki, o da bizim gələcək müdafiə nazirimiz oldu".

Tarix üzrə fəlsəfə doktoru Azad Rzayev müsahibəsində bildirib ki, "Nəriman Nərimanov Sovet hökumətinin adamı olub, ora işləyib" kimi fikirləri səsləndirib onun etdiklərinin üstündən xətt çəkmək olmaz.
Rzayev Azad Əhmədağa oğlu
Tarixçinin sözlərinə görə, vaxtilə "Dağlıq Qarabağ"ın Ermənistana verilməsinin qarşısı məhz Nərimanovun sayəsində mümkün olub.

"1920-ci ildə Əliağa Şıxlinski (Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı) və Səməd bəy Mehmandarov (Rusiya İmperator ordusunun tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü; Azərbaycan Xalq Cümhuriyyəti Hərb naziri; Azərbaycan SSR hərbi xadimi) həbs edilib Moskvaya göndərilmişdi. Nəriman Nərimanovun sayəsində onlar həbsdən azad olunub. Yəni, Nərimanov nə lazımdırsa, onu edib", - deyə tarixçi vurğulayıb.

"Bəzi sənət əsərləri, monumental heykəllər siyasətin qurbanı olub"
Xalq rəssamı, SSRİ və Rusiya Rəssamlıq Akademiyasının, AMEA-nın həqiqi üzvü, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, heykəltaraş Ömər Eldarov təəssüf hissi ilə qeyd edir ki, bəzi sənət əsərləri siyasətin qurbanı olub. O, insanların heykəllərə olan aqressiv münasibətini doğru hesab etmir.
Görkəmli heykəltəraş Ömər Eldarov
Sənətkarın fikrincə, dövr dəyişsə də, heykəllərin qorunub saxlanılması daha məqsədəuyğundur:
"Min əziyyətlə, sevgi ilə hər hansısa bir liderin, ictimai xadimin heykəlini hazırlayırıq. Sonra dövr dəyişir və həmin heykəllər məhv edilir. Biz müəlliflərə olduqca pis təsir edir. Düşünürəm ki, Nərimanovun heykəlinin müəllifi, mərhum Azərbaycan SSR xalq rəssamı Cəlal Qaryağdı yaşasaydı, əsərinə olan münasibəti görsəydi, yəqin ki, məyus olardı. Məsələn, Sovet dövrünü təbliğ edən filmlər çəkilir, poemalar yazılır. Amma həmin filmlər efirdə nümayiş olunur. Bu, tarix kimi qəbul edilir. Amma heykəllər siyasi proseslərin qurbanı olur və məhv edilir. Yaxşı olardı ki, sənətə hörmət naminə o heykəllər qorunsun, məhv olunmasın".
Xalq rəssamı xarici ölkələrin abidələrə olan münasibətindən söz açıb:

"Fikir verin, dünya ölkələrinə, İtaliya, Yunanısatan, Misir, Fransa və s. ölkələrdə heykəllər qorunub saxlanılıb. Hər dövr dəyişəndə onlar heykəlləri məhv etsəydilər, dünyada heykəl qalmazdı. Kommunistlər gəldilər, ondan əvvəlki dövrə aid heykəlləri yerlə yeksan etdilər. Bu, tarixdir. Tarix yaşadılmalıdır. Monumental heykəllər özbaşına yaradılmayıb. Dövlətin qərarına əsasən yaradılır".

Azad Rzayev də Nərimanovun heykəlinin timsalında başqa heykəllərin də sökülməsinə qarşı olduğunu dilə gətirib:
"Bu prinsiplə yanaşsaq, gərək onda xarici ölkələrdə olan bütün heykəllər dağıdılsın. Məsələn, Rusiyada nə çar Nikolayın, nə də Birinci Pyotrun heykəlləri məhv edilib. Mən XXI əsrdə yaşayıb, XIX, XX əsrdə olan məsələləri qaldırmağın tərəfdarı deyiləm. Tarixi faktlar araşdırılmalıdır, amma onun qisasını abidədən almaq olmaz. Nəriman Nərimanovun heykəlinin sökülməsini onun fəaliyyətindən xəbəri olmayanlar tələb edir. Bundan başqa, o, maarifçi idi. Hacı Zeynalabdin Tağıyev onu oxumağa göndərmişdi. Nəriman Nərimanov hərtərəfli araşdırılıb. Onun həyatı, siyasi fəaliyyətini əks etdirən "Ulduzlar sönmür" adlı film də çəkilib. Oxumağa səbri çatmayanlar filmə baxsınlar. Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir. Bir adam bir fikir səsləndirir, hamısı da ona inanır. Onun dediyini təkrar edir", - deyə tarixçi etirazını bildirib.
Nadir Şəfiyev isə təklif edir ki, heykəllər sökülməkdənsə, muzey yaradılsın, həmin heykəllər orada saxlanılsın:

"44 günlük müharibədən sonra "Hərbi qənimətlər" parkı yarandı. Bu ona görə idi ki, müharibədə iştirak etməyənlər, müharibə haqqında bilikləri olmayan gələcək nəsillər oranı ziyarət edəndə onlarda müharibə ilə bağlı fikir formalaşsın. Mən şəxsən istərdim ki, XI Qızıl Orduya ucaldılmış heykəl uçurulmasın. Təbii ki, mən də həmin orduya nifrət edirəm, hər bir azərbaycanlı kimi. Amma təklif edərdim ki, o abidə sənət əsəri kimi hansısa bir məkanda qalardı, muzey yaradılardı. O heykəllərin yanında məlumatlar qoyulardı. Müasir texnologiyalardan istifadə edib video-çarxlar da yerləşdirmək olardı, nəinki monemental mədəniyyət nümunələrini məhv etmək. Belə olsaydı, bizdən sonra gələn nəsillər bilərdilər ki, Sovet hökuməti bizə düşmən olanlara abidə ucaltdırırdı, bizi alçaldırdı. Necə ki, Şuşadan gətirilmiş güllələnmiş heykəlləri muzeyə gətirdilər. Gələn xarici qonaqlar bu heykəlləri görəndə ermənilərin necə vandal olduğunun şahidi olurdu. Hər dəfə o heykəlləri görəndə Şuşaya qayıtmaq əzmi artırdı. Bu hisslər də 44 günlük müharibədə özünü göstərdi."

Qeyd edək ki, bir neçə gün əvvəl Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisindəki büstünün sökülməsi barədə məlumat yayılıb.
Büstün götürülməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir çox insanlar buna etirazlarını bildiriblər. Milli Məclisin Naxçıvan Muxtar Respublikasından seçilmiş deputatı Cəbi Quliyev məlumat verib ki, Nəriman Nərimanovun Naxçıvandakı büstü əvvəlki yerinə qaytarılacaq. Onun sözlərinə görə, büst ərazidən bərpa işləri ilə əlaqədar götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.