RUSİYA

Şoyqu: Rusiyanın yüksək dəqiqlikli zərbələri Ukraynada silah istehsalını dayandırıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynanın hərbi obyektlərinə yüksək dəqiqlikli zərbələrin endirilməsi nəticəsində USQ-nin sursat və yanacaqla təchizatı iflic olub.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Rusiya qoşunları yüksək dəqiqlikli zərbələri ilə Ukrayna silahlarının bəzi nümunələrinin istehsalını, eləcə də yanacaq və silah-sursatlarının cəbhəyə daşınmasını poza biliblər.
Bunu çərşənbə axşamı, aprelin 4-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu RF Silahlı Qüvvələrinin (RSQ) rəhbər heyəti ilə tematik selektor konfransında çıxışı zamanı deyib.
"Ukraynanın hərbi obyektlərinə yüksək dəqiqlikli zərbələr endiririk. Nəticədə bir sıra silah nümunələrinin istehsalı, eləcə də Ukrayna Silahlı Qüvvələrinin (USQ) qruplaşmalarının silah-sursatları və yanacaqla təmin edilməsi pozulub", - deyə Rusiyanın müdafiə naziri bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.