RUSİYA

Rusiya XİN-dən Finlandiyanın NATO-ya üzvlüyünə sərt reaksiya

Finlandiyanın Alyansa daxil olması ilə əlaqədar Rusiya təhdidlərin qarşısını almaq üçün hərbi-texniki və digər tədbirlərlə cavab verməyə məcbur olacaq.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Finlandiyanın NATO-ya daxil olması ilə əlaqədar Rusiya Federasiyası cavab tədbirləri görəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Finlandiyanın Alyansa daxil olması ilə əlaqədar Rusiya təhdidlərin qarşısını almaq üçün hərbi-texniki və digər tədbirlərlə cavab verməyə məcbur olacaq.
Nazirlik eyni zamanda qeyd edib ki, üzvlüklə bağlı nəticələr Finlandiya ilə Rusiya arasında münasibətlərə mənfi təsir göstərməyə bilməz.
"Finlandiya NATO-nun üzvü olan kiçik, qərarsız ölkələrdən birinə çevrilib və eyni zamanda beynəlxalq məsələlərdə öz sözünü itirib. Bu qərarla ölkə nəhayət öz müstəqilliyindən və öz kimliyindən üz döndərdi", - XİN-dən bildiriblər.
Xatırladaq ki, aprelin 4-də Finlandiya NATO-ya rəsmi üzv olub. Finlandiyanın Alyansa qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçirilib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Finlandiyanın NATO-ya daxil olmasının xüsusi hərbi əməliyyatın nəticələrinə təsir etməyəcəyini qeyd edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Finlandiyanın NATO-ya daxil olması vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb, qərar aprelin 1-də “Rəsmi Gazete”də dərc olunub. Türkiyə Böyük Millət Məclisi (TBMM) Finlandiyanın NATO-ya daxil olmasını martın 31-də təsdiqləyib. Parlamentdə qəbul edilən qanun “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minib.